İpi kəsib bizi quyuda atıb gedən qardaşımız haqqında

Gərək, təkcə heç kimin yaza bilmədiyini yazmayasan, həm də heç kimin yazmaq istəmədiyini yazasan.

***

Bir psixoloq (dil psixoloqu) bir insanın seçdiyi sözlərdən onun düşünmə səpkisini anlaya bilər. Bir sosioloq (dil sosioloqu) publik-mediatik dildə baş verən yenilik və dəyişikliklərin işığında cəmiyyətdə gedən hansısa prosesləri başa düşə bilər.

Məsələn, son illər Azərbaycan dilində “çaşmaq” sözünün işləklik sahəsinin çox daralması kriminal leksikonun (“Sən çaşdın!”) cəmiyyətə təsirindən; “anam canı” andının, demək olar, yoxa çıxması cəmiyyətdə gedən maçolaşmadan (maskulinləşmədən); “şərəfsiz”, “tərbiyəsiz” kimi söyüş sözlərin (hər iki söz ərəbcədir) tez-tez işlənilməsi türkiyəlilərə bənzəmək istəyindən yaranmışdır. Və yaxud, bir insanın öz uşağına qoyduğu addan o insanın dünyagörüşü, bir cəmiyyətdə yeni doğulan körpələrə qoyulan adların statistik analizindən də ictimai şüurun yönü aydınlaşdırıla bilər.

Tutaq, mən belə bir təklif irəli sürsəm: Güney Azərbaycanda – ana dilimizin o tayında – göndərilən, verilən “xəbər”ə yüz illərdir “salıq” deyirlər, gəlin, biz də in(di)dən belə güneylilər kimi, göndərilən, verilən “xəbər”ə “salıq” deyək, desəm; ardından da min bir arqument gətirsəm (bu sözü biz unutmuşuq, güneylilər saxlayıblar; “salnamə” sözü əslində “salıqnamə”dir; “xəbər salmaq” ifadəsində bu iz qalmışdır və s.), çoxları təklifimi ciddi saymaz, özümü də, sözü də ələ salıb gülərlər bəlkə də. Ancaq həmin azərbaycanlılar bu sözü – salıq sözünü şit və düşük (kitschig) bir Türkiyə teleserialında eşitsələr, bayaqdan satlıq tutuquşuya dönərlər. Görəsən, nə üçün belə olur?

Bu mənzərədə mənə görünən budur: Dilimizdə gedən türkiyəcələşmə prosesi əslində linqvistik problem olmazdan qabaq, psixoloji və sosioloji problemdir. Daha da dəqiq desək, biz psixolinqvistik və sosiolinqvistik obyekt qarşısında yox, əksinə, dil psixologiyası və dil sosiologiyasının birgə obyekti qarşısındayıq. Belə ki, azərbaycanlıların türkiyəcə sözləri heç bir filoloji süzgəcdən keçirmədən, eşidər-eşitməz qəbul etməklərinin ilk səbəbi Türkiyə dövlətini özlərinə arxa, dost, hətta qardaş saymaqlarıdır. Yaxşı, elə isə gəlin görək, Türkiyə müasir azərbaycanlıların bir belə sevgisinə, güvəninə və qardaşlığına layiqdirmi.

***

1949-89-cu illərdə Berlin divarı ilə ikiyə bölünmüş almanlar üçün deyilən “Bir xalq, iki dövlət” (“Ein Volk – zwei Staaten”) şüarını Heydər Əliyev, elə bil müəllif özüdür, Azərbaycan ilə Türkiyə arasında başlanan yeni siyasi münasibətlər üçün səsləndirdi. Dövlət rəhbərləri, o cümlədən siyasi arzu və umacaqları olan adamlar öz maraq və niyyətlərini istədikləri sözlərlə bəzəməkdə sərbəstdirlər. Ancaq mənim kimi tək-tək müəlliflərin də siyasi-diplomatik üslubun tələblərinə boyun əyməmək sərbəstliyi var.

Mənim təsəvvürlərimə görə biz azərbaycanlılar bütün tarix boyu Türkiyədən qardaşlıq yox, tam əksinə, xəyanət, özgəlik, satqınlıq görmüşük. Özü də bir yol təsadüfdən yox, dönə-dönə, sistematik formada. Gəlin, eləcə bir neçə faktı birlikdə xatırlayaq.

1) XVI yüz illikdə Azərbaycan xalqının iradəsini təmsil edən Səfəvilər dövlətini Osmanlı dövləti Avropadan aldıqları topların gücüylə dağıdıb, Təbrizə girdi, insanlarımızı qırıb-çatdı, özümüzü təhqir, torpaqlarımızı da ilhaq etdi. Beləliklə, bizdən torpaq qamarlayan qonşularımız – təkcə ermənilər, gürcülər, ruslar, farslar (hətta ərəblər) deyildir, həm də qardaşlarımız saydığımız türkiyəlilərdir. Eynilə İrəvan, Qarabağ kimi, Borçalı, Zəngəzur kimi, Dərbənd kimi, Güney Azərbaycan kimi, Kərkük eli kimi, Şərqi Anadolu (Ərzurum, Iğdır, Qars və s.) da bizim əzəli torpaqlarımızdır, orada yaşayan insanlar da xalqımızın bir bölüyüdür.

2) Osmanlının xain hücumundan 400 il sonra, ötən yüzilliyin başlarında azacıq dirçəlib, müstəqil dövlət quruculuğuna başladıq. Ancaq həmin bu türkiyəli qardaşlarımız ruslarla gizlincə dilbirlik edib, başaldatdı oyunu ilə Qızıl Ordunu Bakıya soxdular. Tarixçilər yaxşı bilir: ADR özünün qəbul etdiyi məşhur 6 maddəlik qərarının birinci bəndinə görə Qızıl Ordunu Anadolunun köməyinə getdiyi üçün Bakıya buraxırdı. Sən demə, bu, alçaq bir yalan imiş, Atatürk bizi nəinki müdafiə etməmişdi, əksinə, aldatmış, ruslara satmışdı; Leninə gizlincə yazmışdı ki, narahat olmayın, siz Azərbaycanı işğal edəndə, mən özümü ölülüyə vuracağam. Bir neçə il sonra həmin bu Atatürk Moskvadan qaçıb Türkiyəyə sığınmış M.Rəsulzadənin (belə demək mümkünsə, Azərbaycanın müstəqillik simvolunun) ölkədən qovulub çıxarılmasına əmr verdi və çıxartdırdı da. O illərdə bolşeviklərdən qaçıb Türkiyəyə sığınmaq istəyən azərbaycanlıları elə sərhəddəcə güllələyirdilər, yenə Atatürkün buyruğu ilə.

3) Daşnaklar 1918-ci ildə Azərbaycanda törətdikləri qırğınları 1915-ci ildə Osmanlıda baş vermiş erməni qırğınlarının qisası kimi həyata keçirdirdilər. Başqa sözlə, 1918-ci ildə Azərbaycanda öldürülən on minlərlə azərbaycanlı Osmanlı siyasətinin qurbanları idilər. Osmanlının siyasi xələfləri bunu indiyəcən bircə dəfə də olsun dillərinə gətirməyiblər. Əvəzində bizə “Bax, Ermənistanla qapıları açarıq ha, bax, sizə görə açmırıq ha!” deyib, bizi hədələyir və minnət qoyurlar.

4) Xocalı faciəsini uzun illər bircə dəfə də ağızlarına alıb beynəlxalq arenada səsləndirmədilər, ancaq son bir neçə ildə 1915-ci il hadisələrinə görə dünya bunların boğazından tutub sıxanda, başladılar bizim Xocalı faktından öz problemlərinin həlli üçün sui-istifadə etməyə. Azərbaycanda isə bunu elə təqdim edirlər, guya bu, Türkiyə dövlətinin bizi qulplamasındandır (yəni dəstəkləməsindəndir). Halbuki, tam əksinə, bu, siyasi qumarda Azərbaycanın əlindən ən güclü “kozır”larından birinin alınması və ləkələndirilməsidir. Bizim bunlara münasibətimizə baxın, bunların bizə elədiklərinə baxın.

5) Güney Azərbaycan məsələsinin beynəlxalq arenada qaldırılmasının hər cür vasitə ilə qarşısını alan birinci dövlət İran yox, Türkiyədir. Görünür, Azərbaycan dövlət rəhbərliyini də inandırmağa çalışırlar ki, Güney Azərbaycan məsələsini biryolluq unudun getsin, əks halda kürdlər üçün presedent yaranar. İran ilə Türkiyə arasındakı dövlətlərarası razılaşmaya əsasən Türkiyədə həbs edilən güneyli fəallar quzu balası kimi İrana təhvil verilir ki, aparın asın (eyni şəkildə, İranda da PKK-çılar Türkiyəyə verilir). Halbuki, kürdlər kimi məzlum xalqlar öz haqlarını almalıdırlar ki, Güney Azərbaycan üçün də yol açılmış olsun. Qarabağ məsələsində Türkiyənin bizə “dəstək verməsinin” (yəni qulpumuzdan tutmasının) səbəbi də kürdlərə presedent yaratmamaq üçündür, bizi qardaşyana sevdiklərindən zaddan deyil.

6) Ə.Elçibəy iqtidarı zamanı Azərbaycan dövləti S.Dəmirəl iqtidarından, döyüş zonasında əsir düşməsinlər deyə, qadınları çıxarmaq üçün iki (iki!) vertolyot istəmişdi; Dəmirəl kömək göndərmədi və yerli mediaya açıq mətnlə beləcə dedi: “Azərbaycana kömək etsək, qarşımızda Qırmızı Ordunu görərik!” Yəni bizdən əlinizi üzün! Sonrakı illərdə baş nazir olan ANAP-lı Mesut Yılmaz isə Türkiyənin Azərbaycanla “qardaşlığının” sırf geopolitik xarakter daşıdığını açıq-aydın bəyan etdi: “Romantik qardaşlıqdan yox, məcburiyyətdən Azərbaycanın tərəfini saxlamalıyıq, çünki əks halda, orada Rusiya, ya da İran güclənə bilər.” (“Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir”, çünki “Coğrafi mövqeyinizi göstərin, siyasətinizi deyim” – Atatürk).

Şəxsən mənə hələ də aydın deyil ki, biz Türkiyədən etnik doğmalıqdan başqa hansı qardaşlıq görmüşük? Mən əminəm, tarixçilər gələcəkdə Türkiyənin bizə qarşı hələ çox üz qarası fəaliyyətlərini tapıb çıxaracaqlar, ancaq elə indilik bildiklərimiz də bu dövləti tanımağımıza bəs edir. Onillərdir kürdlərə və ələvilərə qarşı həm etnik, həm kultural yoxetmə siyasəti aparan, çeçenlərin milli azadlıq mübarizəsinin yatırılmasında, birbaşa C.Dudayevin öldürülməsində ruslara satqınlıq edən, indi İŞİD başkəsənlərinə və manyaklarına əlaltılıq edən, tarixdə daim bizi vuran, satan, yarı yolda qoyan, birləşməyimizi, güclənməyimizi heç vaxt istəməyən, buna görə də İranla siyasi münasibətlərdə Güney məsələsini prioritet şərt kimi qoyan Elçibəyin devrilməsində baş rollardan birini oynayan, ölkəmizə nurçuluq kimi dini cərəyanlar və kriminal zorakılıq təbliğ edən teleseriallar soxuşduran, Avropada dönərçi kimi tanınan, ərəb şeyxləri kimi islam xilafəti üçün hələ də ağzından sular axıdan bir dövlətdir Türkiyə.

Bu yerdə güneylilərə də deyəcəyim bir-iki sözüm var: Bir yandan fars şovinizmini lənətləyirsiniz, ancaq o biri yandan on illərdir kürdlərə, ələvilərə və b. qarşı yoxetmə siyasəti aparan, Güney Azərbaycan məsələsində xain mövqe tutan Türkiyə dövlətinə məhəbbət izhar edirsiniz. Bir yandan farsların dilimizə qarşı linquisid (bir dili yoxetmə) siyasətini ifşa və rədd edirsiniz, mənim məqalələrimdə “Azərbaycan dili” yazmağıma acıqlanırsınız (niyə “Azərbaycan türkcəsi” yazmamışam deyə), ancaq türkiyəlilərin sizi də, bizi də azəri, dilimizi azəricə, hətta “türk dilinin azəri sahəsi” (prof. M.Ergin), yəni bizim dilimizi öz dillərinin bir şivəsi saymaqlarına səsinizi də çıxartmırsınız, əksinə, türkiyəcə danışmağa çalışırsınız. Fars “Sizin diliniz yoxdur!” deyir, bəs siz nə edirsiniz, öz dilinizi tüpürüb, türkiyəcəni – qondarma və əldəqayırma bir dili ağzınıza təpişdirirsiniz. Bununla farsı haqlı çıxartmağınızdan xəbəriniz varmı? Olmaya, farsın qarşısına qondarma və əldəqayırma bir dillə çıxırsınız? Yoxsa, elə bilirsiniz fars türkiyəcənin qondarma və əldəqayırma dil olduğunu bilmir?

Türkiyə bizim böyük qardaşımızdırsa, o, ipi kəsib, bizi quyuda atıb gedən qardaşımızdır. Nağıllarda, əski dünyanın ədalət qaydalarına görə, belə qardaşın boynunu vururlar. Ancaq biz yenə də onları bağışlayırıq, bizə elədiklərini üzlərinə vurmuruq, sevgimizi, heyranlığımızı əsirgəmirik, beynəlxalq iqtisadi layihələrdə etnik qardaşlığımızı nəzərə alırıq, bir sözlə, özümüzü onlar üçün lap “azəri” kimi aparırıq…

***

Tarix boyu bizə qarşı buncan, ən yumşaq sözlə desək, ögeyliklərinə baxmayaraq, son 25 ildə azərbaycanlıların qılığına girə bilmiş ikinci belə qonşusu yoxdur. Ancaq bunun başqa bir səbəbi də var. Səbəb – azərbaycanlıların qərbçiliyidir. Azərbaycan üzünü Qərbə, Avropaya tutduğu üçün Türkiyəyə oxşamağa, türkiyəcə danışmağı yamsılamağa çalışır. Bir türkiyəli azərbaycanlıya “müsəlman avropalı” kimi görünür. Müasir azərbaycanlı həmin bu “müsəlman avropalı” ilə özü arasında bircə fərq görür: dil. Onu da aradan qaldırır, olur avropalı. Deməli, dilimizin türkiyəcələş(diril)məsi türkçülükdən yox, avropaçılıqdan, qərbçilikdən irəli gəlir; məqsəd əski və xalis türkcə sözlərə qayıtmaq deyil, məqsəd türkiyəcə danışmağın özü də deyil, məqsəd sadəcə olaraq bir türkiyəli kimi danışmaq və beləcə, kəsə yolla müsəlman avropalı olmaqdır. Beləliklə, sən demə, müasir azərbaycanlının avropalı olması üçün qarşısında dayanan bircəcik əngəl – Azərbaycan dili imiş! Müasir azərbaycanlının sosio-psixoloji düşünmə səpkisi mənə belə görünür.

Qərbi 200 il rusların və rus dilinin vasitəçiliyi ilə öyrəndikdən sonra, indi də türkiyəlilər və türkiyəcə vasitəsilə öyrənməyə məcbur olmaq heç yaxşı tale deyil, üstəlik, ikincisi daha pisdir. Nə üçün, deyim: 1) Türkiyə bizə ruslardan daha dost deyil; 2) Türkiyə kulturası rus kulturasından daha avropalı deyil; 3) Türkiyəcə rus diliylə yanaşı qoyulacaq səviyyədə dil deyil.

Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…
Meydan.TV məsələ ilə bağlı fərqli fikirdə olan müəlliflərin də mövqeyini işıqlandırmağa hazırdır.

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER