Heydər Oğuz: “Gərəkli islahatlar aparılmasa, ərəb kapitalı Azərbaycanı İrana qarşı hərbi bazaya çevirəcək”

Tanınmış şair-publisit Heydər Oğuzun “Azərbaycan Yaxın Şərq siyasətini necə qurmalıdır” mövzusunda saytımıza müsahibəsini təqdim edirik:

– Heydər bəy, son zamanlar yazılarınızda əsas diqqəti Yaxın Şərq prosesləri üzərində cəmləşdirdiyinizi müşahidə edirik. Amma nədənsə, ölkə başçısının Səudiyyə Ərəbistanı səfərinə heç diqqət ayırmadınız. Halbuki, Azərbaycan oxucusunu indi daha çox bu mövzu maraqlandırırdı. Sükutunuzu nəylə izah etmək olar?

– “Yaxın Şərq mövzusuna son zamanlar daha çox diqqət ayırmışam” düşüncəsində sizinlə razılaşmıram. Mən jurnalistika sahəsinə gəldiyimdən bəri, hər zaman bu coğrafiyada baş verən hadisələrə nəzər salmağa çalışmışam. O başqa məsələdir ki, son vaxtlar dünyanın nəbzi əsasən bu coğrafiyada döyünür və dünya siyasətini təqib edən hər kəsin gözü Suriyada, İraqda, Yəmən və İranda baş verən proseslərə dikilib. Nə edim, mən də “dəstədən geriyə qalmamaq üçün” çalışıram…

– Amma ölkə başçımızın Səudiyyə Ərəbistanına etdiyi səfərə münasibətdə dəstədən geridə qaldınız…

– Düzdür. Bunun səbəbi səfərin məqsədini hələ də anlaya bilməməyimdir. Məlumdur ki, bu səfər əvvəlcədən planlaşdırlmamışdı. Prezident Səudiyyə Ərəbistanına getdikdən sonra bu barədə xəbər yayıldı. Səfərin həm də İran-Ərəbistan münasibətlərinin gərginləşməsi və İranla bağlanan  nüvə sazişinin Yaxın Şərqdə ciddi narahatlıq yaratdığı bir zamana düşməsi istər ölkə, istərsə də dünya ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Hər kəs bu məsələdə müxtəlif versiyalar irəli sürdü. Kimisi səfəri siyasi mövqe nümayişi, kimisi sadəcə iqtisadi əməkdaşlıq niyyəti olaraq şərh etdi. Hətta bunu, sadəcə, “Ümrə ziyarəti” olaraq qiymətləndirənlər belə tapıldı. Mənsə, hansı istiqamətdən baxıramsa, məqsədi tam mənasıyla anlaya bilmirəm. Səfərin detallarının açıqlanmaması da mübhəmliyi artırır. Bu qədər ciddi hadisə haqqında yalnız mülahizələrə söykənərək mühakimə yürütmək olmaz. Detallar açıqlandıqca, mən də səfəri şərh edəcəyəm. Belə məsələlərdə tələsik nəsə söyləmək analizin ciddiyyətinə kölgə salar. Ciddi analiz üçün gərək əlində ciddi də informasiyalar ola.

– Yəni deyirsiniz ki, indiyə qədər irəli sürülən mülahizələrin heç biri əsaslı deyil?

– Bəli. Məsələn, deyirlər ki, Prezident çarpışan tərəflər arasında mövqe nümayiş etdirmək üçün bu addımı atıb. Səudiyyə Ərəbistanının rəsmi ideologiyasının bizim dövlətlə nə əlaqəsi var? Azərbaycan dini-ideoloji cəhətdən Səudiyyə Ərəbistanı ilə bağlı deyil. Ölkəmizin böyük əksəriyyətinin məzhəbi xarakter etibarilə  İrana daha çox yaxındır. Digər sünni azlıqların da dini düşüncəsi Səudiyyə Ərəbistanının müdafiə etdiyi sələfiliklə uzlaşmır. Öz dini-ideoloji doktrinasını hazırlamayan Azərbaycan üçün İran şiəliyi qədər, hətta ondan daha artıq Səudiyyə vəhhabiliyi təhdidedici ünsürdür. Bu iki düşüncə arasında seçim etmək məcburiyyəti yaranarsa, coğrafi baxımdan da öz qonşularımızın yanında dayanmağımız daha rasionaldır. Üstəlik, rəsmi Riyad heç öz arxa bağçasındakı Yəməni İran təsirindən qoruya bilmir. Öz içindəki 5-10%-lik şiələri belə İran onun üstünə qaldırır. Getdikcə iqtisadi cəhətdən yüksəlmək xəttini tutan qonşumuzla bu cür məzhəb savaşında qarşı tərəfdə yer almaq doğru addım sayıla bilməz. Hesab edirəm ki, Azərbaycanın siyasi iradəsi də bunu bilir, hər zaman balanslaşdırma strategiyasına üstünlük verir və bu mövqeyiylə indiyədək qlobal siyasətdə ayaq üstündə dayanmağa çalışıb, çalışmağa da davam edəcək.

– Belə başa düşdüm ki, siz də məsələyə iqtisadi yöndən  baxanlardansınız…

– Məsələ burasındadır ki, son zamanlar cərəyan edən geoiqtisadi hadisələr də rəsmi Riyadın deyil, Tehranın xeyrinədir. İllərlə iqtisadi sanksiyalara məruz qalan İran üçün artıq “cin şüşəsi” qırılıb. Rəsmi Tehran dünyaya nizam verən “altılıq”la nüvə sazişi bağlayıb. Bundan sonra ona qarşı həyata keçirilən embarqolar da aradan qalxacaq. Avropa ölkələriylə getdikcə yaxşılaşan iqtisadi əlaqələr İranı coğrafiyanın ən varlı ölkələrindən birinə çevirəcək. Coğrafi cəhətdən İran qazının Qərbə nəqlində ən önəmli tərəfdaş Azərbaycan ola bilər. Ərəb neftini və qazını istəsən belə, Azərbaycan ərazisindən daşıya bilməzsən. Verilən məlumatlara görə, İran da Azərbaycanın əsas subyektlərindən biri olduğu TANAP-a qoşulmaq istəyir. Faktik olaraq, bu layihə İransız tam işlək vəziyyətə gətirilə bilmir. Bildiyiniz kimi, TANAP layihəsiylə Azərbaycan ən yaxşı halda 16 milyard kub metr qaz nəql edir. Bu qazın 6 milyard kub metrini Türkiyə alır. Digər 10 milyardı isə Avropaya axır. Rusiyayla əlaqəsini kəsmək istəyən Avropa isə bizdən qaz ixracını iki dəfə artırmağı, yeni tərəfdaşlar tapmağı tələb edir. AB-nin Enerji üzrə Komissiyasısının nümayəndəsi bir neçə ay bundan öncə açıq şəkildə qaz nəqlini, ən azı, 20 milyard kub metrə çıxarmağı tələb etmiş və TANAP-ın buna texniki imkanının çatacağını bildirmişdi. Belə vəziyyətdə, hər kəsin İran qazına ümid bəslədiyi bir zamanda Səudiyyə Ərəbistanı bizə nə verə bilər?

– İqtisadi əməkdaşlığı yalnız qaz və neft amiliylə məhdudlaşdırmaq olmaz axı. Mümkündür ki, Azərbaycan ərəb kapitalını ölkə iqtisadiyyatına cəlb etmək istəyir. Neftin qiymətinin aşağı düşməsiylə ölkəmizin qeyri-neft sektorlarını inkişaf etdirməsi artıq zərurətə çevrilib. Bəlkə bu səfər, məhz bu niyyətdən doğub?

– Sizi anlayıram. Həqiqətən də artıq Azərbaycan üçün neft erası bitib. İndi qeyri-neft sektorlarının inkişaf etdirilməsi günün ən vacib tələblərindəndir. Di gəl ki, qeyri-neft sektorunun inkişafı ərəb kapitalından asılı deyil. Azərbaycanda investisiyalar üçün münbit zəmin olmalıdır. Korrupsiyanın baş alıb getdiyi, inhisarçılığın xərçəng metastazı kimi ətrafa yayıldığı bir ölkəyə heç kim investisiya qoymaz. Ərəblərin pulunun çox olmasına baxmayın. Onların sənaye təfəkkürü yoxdur. Heç bu təfəkkürə ehtiyacları da yoxdur. Allahın bu millətə bəxş etdiyi təbii sərvətləri boş-boş əyləncələrə xərcləyirlər və İslam adıyla ərəb feodal təfəkkürünü yaymağa çalışırlar. Azərbaycana yatırılan hər ərəb qəpiyi, bərabərində sələfilik gətirəcək. İranla düşmənçilik siyasəti məzhəb savaşlarının ölkəmizə də sıçramasına səbəb ola bilər. Bilirsinizmi, Azərbaycan ərəb, fars, rus kapitalının dalınca qaçmamalıdır. Qeyri-neft sektorunu inkişaf etdirməli, bunun iqtisadi-siyasi zəminini yaratmalıdır. Bunun üçün elə öz kapitalımız da bu ölkəyə çox şeylər qazandıra bilər. Baxın, adi bir Avropa oyunlarına milyardlarla pul xərclənir. Halbuki, onun yerinə bir neçə ciddi fabrik açmaq olardı. Və insafən, açılır da. Fəqət monopolist təfəkkür və bürokratik oliqarxiya bu potensialın doğru işləməsinə şərait yaratmır. Nəticədə, zorakı yollarla işləyən müasir sənaye müəssisələri Azərbaycan sərhədlərindən o tərəfə adlaya bilmir. Dolayısıyla ölkəyə xarici kapital gətirən yeni mənbəyə çevrilmir, əksinə, neftdən gələn kapital da camaatdan sömürülüb hansısa oliqarxları şişirdir. Beləcə, bir müddətdən sonra tamamilə yoxsullaşmış alıcı kütləsi və ölkə sərmayəsini altına dolduran oliqarxlar sinfi yaranacaq. Bu isə, istər-istəməz, oliqarxları daxili bazardan da məhrum etməyə doğru aparır. Nəticədə, ölü kapitala çevrilən oliqarx zənginliyi də mənasızlaşır, finansal dəyərini itirir. Bir sözlə, ölkə getdikcə yoxsullaşmağa doğru sürüklənir. Oliqarxların əlində cəmləşmiş kapital da uşaqların topladığı konfet kağızına çevrilir. Azərbaycan məhz bu gedişatın qarşısını almağa çalışmalıdır. Əks halda, bura heç bir ağıllı ərəb investisiya yatırmaz. Bu problemlər həll olunduqdan sonra zatən dünyanın çox yerlərindən ölkəmizə kapital axacaq və bizim kimisə buna təşviq etməyimizə ehtiyac qalmayacaq. Gərəkli islahatlar aparılmasa isə, ərəb kapitalı Azərbaycanı özünün İrana qarşı hərbi bazasına çevirəcək. Necə ki, İran Yəməndən eyni siyasət üçün istifadə edir. Yəni biz də ərəb dünyasının gözündə Yəmənin alternativi ola bilərik. Bizə bu lazımdır?

Azərbaycanın İrana qarşı mövqe sərgiləməsinin çox mühüm başqa səbəbi də var. Yəqin razılaşarsınız ki, bizim bir dövlət kimi varlığımızın özü belə, İran üçün təhdiddir və bu ölkə hər fürsətdə suverenliyimizin yox olmasını istəyər. Ermənistanı dəstəkləməsi də məhz bu səbəbdəndir…

– Bilirsinizmi, İran, Türkiyə, ABŞ və s. bu kimi ölkələri yalnız bir cəhətləriylə qiymətləndirmək olmaz. Keçmiş sovet ölkələrindən fərqli olaraq, dünyanın tarixən mövcud olan bütün ölkələrində müxtəlif maraqlar var. Hər bir maraq eyni zamanda milli mənafe deməkdir. Bu mənada, ABŞ içində bir neçə ABŞ, Almaniya içində bir neçə Almaniya, Türkiyə içində bir neçə Türkiyə var. Xüsusilə bu sözləri dəyişim prosesi keçirən İrana şamil etmək olar. İranda mühafizəkarlarla islahatçılar arasında  tarixi bir rəqabət mövcuddur. Siz dediyiniz mövqe mühafizəkar İrançı anlayışa məxsusdur. İndisə dünya nizamını qəbul edən, hadisələrə realist və rasional yanaşan hakimiyyət iş başındadır. Bu hakimiyyət ənənəvi siyasəti inkar edir və inkar etməyə də məhkumdur. Çünki Azərbaycanın suverenliyi artıq İrandan, Turandan asılı deyil. Hətta nəinki İran, Azərbaycan hakimiyyəti belə istəsə, ölkə suverenliyini yox edə bilməz. Müstəqilliyimizin yox olması üçün iki yol var: ya biz gedib Rusiyaya birləşməliyik, ya da İran bizi “tarixi ərazimdir deyib” ilhaq etməlidir. Birinci hal ona görə mümkün deyil ki, bu gün Rusiya öz qarın ağrısının hayına qalıb. Özünün parçalanması gözlənilir. İkinci hal ona görə mümkün deyil ki, İranla bizim birləşməmiz onun özünü Azərbaycanlaşdırar. Məsələ burasındadır ki, İranda əhalinin önəmli hissəsi azərbaycanlıdır. Onların milli azadlıq və mədəni haqlar problemi var və bu problem həll olunarsa, İran 1000 ildən bəri olduğu kimi, yenidən türk diyarına çevrilə bilər. Bu, zatən qaçınılmaz bir taledir. İlhaq hadisəsi, sadəcə, bu zərurəti daha da tezləşdirər. Çünki bizdə oturuşmuş bir mədəniyyət var. Bu mədəniyyəti silib yeni bir mədəniyyət yaratmaq isə asan deyil. Tarixən böyük güclər belə, özündən siyasi cəhətdən zəif, mədəni cəhətdən güclü olan kültürəl dəyərləri məhv edə bilməyib, əksinə, özləri onların təsir dairəsinə düşüblər. Bunun ən bariz nümunəsi elə İranın özüdür. Vaxtilə türklərin siyasi hegemonluğu altında olan bu ölkə farsların mədəni dairəsinə girdi. Səbəb farsların tarixi mədəniyyətə sahib olmaları idi. İndisə dövran dəyişilib. Avropa mədəniyyəti və onun gətirdiyi sənaye inqilabları öz sözünü deyir. İslam inqilabı ilə öz mədəniyyət dairəsinə geri qayıtmaq istəyən İran artıq bunun xeyir gətirmədiyini anlayıb yenidən avropalaşmağa üz tutub. Həsən Ruhani hakimiyyəti də bu iradənin təmsilçisidir. Avropa dəyərləri sahəsində isə Azərbaycan İrandan daha irəlidədir. Sadəcə, demokratik hüquqlar və iqtisadi azadlıqlar problemimizi də həll etsək, məncə, İran üçün əsl model dövlətə belə çevrilə bilərik. Qısası, mühafizəkar İran öz taleyiylə barışmamağa məhkumdur və razılaşacaq. Bundan isə itirməyəcək. Demokratikləşən İranda türk, fars kimliyinin rahatca yaşaması mümkündür. Və bu, hər tərəfin xeyrinədir. Hesab edirəm ki, Azərbaycan Azərbaycanlaşmağa doğru addımlayan İrana öz qardaşlıq əlini uzatmalıdır. Bir sözlə, biz İranın demokratikləşməsi yolunda səy göstərən Həsən Ruhani hakimiyyətinin möhkəmlənməsində maraqlı olmalıyıq.

Söhbətləşdi: Fərzuq Seyidbəyli

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER