“Uluyol-Hünər” və “Ulufərəh”Ailələrinin birgə VI aylıq toplantısında deyilmiş fikirlər

“Uluyol-Hünər” və  “Ulufərəh”Ailələrinin birgə VI aylıq toplantısında deyilmiş fikirlər

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq Günsırası ilə 1 Ata Ayı 36-cı ildə “Uluyol-Hünər” və “Ulufərəh”Ailələrinin birgə VI aylıq toplantısı keçirildi. “Ata Ruhuna pənah gətirmişik!” səcdəsilə “Ailə Günü” başlandı.

“Uluyol-Hünər” Ailəsinin Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı. O, tədbirlər haqqında qısa bilgidən sonra ruhani hesabat verdi. Nurtəkin Atalı ay ərzində çoxlu Ocaq əməlləri həyata keçirdiyini vurğuladı. Sonra yazdığı yazıları oxudu:
xxx
Hər şey öz ilkinliyiylə gözəldir. Çay öz axarı ilə axır. Onun axarlığı, musiqi səsli olması, aşıb-daşması, daşları yalaması o qədər gözəl, ahəngdardır ki. O, öz gözəlliyində, ahəngdarlığında tamdır.
Meşənin qüssəsi, sehri, sakitliyi, əsrarı öz gözəlliyində tamdır. Eləcə də dağ, dərə, şəlalə, tənha ağac, səma öz ilkinliyində gözəldir…
Belə bir fikir var – Adamı necə varsa, elə qəbul etmək lazımdır. Necə varsa, elə qəbul etmək Adamlıqla barışmaqdır. Adam özüylə döyüşdükcə öz ilkinliyinə – Mütləqiliyə qovuşur, əsil mahiyyətini ifadə edir.
xxx
Yurdumuzda eynilə sovet vaxtındakı kimi təzə “kadrlar” yetişdirilir – yaltaq, ələbaxan, öz sözü olmayan, öz fikri, yolu olmayan, ancaq çalışqan, fəal. Zaman təkrarlanır. Təzə “kadrlar” köhnəliyi təsdiq edirlər.
xxx
Elm inkişaf etdikcə insanın düşməninə çevrilir.
Qanunlar çoxaldıqca insana qarşı çevrilir.
İqtisadiyyat inkişaf elədikcə insan təbiətsiz qalır.
Cəmiyyət inkişaf elədikcə insan görünmür.
Hər şey insana qarşı inkişaf edir.
İnkişafın yönü insaniləşməlidir ki, insan məhv olmasın.
xxx
Hər şeyi təcrübədən keçirmək olar – İnsanlaşmadan başqa. İnsanlaşma – yaşamdır, həyatın özüdür, ana, məqama bağlı deyil, əbədiliyə bağlıdır.
xxx
Cəmiyyətdə hər şey maddiyyatla ölçülür, ona görə də insanlıq gözdən düşüb. Mənəviyyatlı insan üçün cəmiyyət həyatı quyudur. Ocağın məqsədi Mənəviyyatı ölçüyə çevirən cəmiyyət yaratmaqdır.
xxx
Xalq mahnılarını improvizə edib Avropasayaq oxuyurlar – guya çağdaşlıq bu deməkdir. Xalq mahnıları özümlüyümüzdür, ruhumuzun ifadəsidir. Onu olduğu kimi qorumaq – özümlüyümüzü qorumaqdır. Özümlü olmaq – çağdaş olmaq deməkdir. Özümlüyü çağdaşlığa uyğunlaşdırmaq deyil, çağdaşlığı özümlük əsasında qurmaq gərək.
xxx
Ruhani Ailə bizi Amal yönündə, Amal üçün böyüdür. Ruhani Ailənin var olması üçün artmalı, kamilləşməliyik.
Adam Allahdan deyil, özündən qorxsaydı, cəhənnəmdən deyil, qan-qadalı, müharibəli, azğın gedişat yaratdığından qorxsaydı, dünyanın sabahını düşünsəydi çox şey dəyişilərdi.
Dinin dünyanı, həyatı fani sayması adamı həyatı, dünyanı qorumaq, dəyişdirmək məsuliy¬yətindən azad edir.
xxx
Din quldarlıq üçün yaradı, feodalizm üçün yaradı, kapitalizm üçün yaradı. Quruluşlara yarayan din İnsana yaramadı.
xxx
İnsanlığa inandığım dərəcədə Xurafata inanmıram, Dinə inanmıram, Cəmiyyətçiliyə inanmıram. İnsanlığa İnandığım dərəcədə xoşbəxtəm.
xxx
Yoxsul yoxsulluğundan utanır, varlı varlılığından utanmır. Çünki cəmiyyət var-dövlətə görə sayır insanı.
xxx
Ata fikri: “Cəmiyyət Ailəni müdafiə eləmir – Ailədə Cəmiyyəti müdafiə edir”.
Ailə cəmiyyəti evə gətirir. Cəmiyyətdəki təbəqəlik ailədə öz təsdiqini tapır. Ailə başçısının yükü, sorumluluğu kişi ağalığında ifadə olunur. Ailə başçısına dayaq olmaq, ailə qayğısı, fədakarlığı qadın xanımlığı ilə əvəz olunur. Övlada münasibətdə umacaqlıq (təmənna), faydaçılıq təsdiq olunur. Cəmiyyətdəki yadlıq, yağılıq təkrar olunur. Ona görə də ailədə cəmiyyətçilik halı yaşayır. Cəmiyyətdəki cəmiyyətçiliklə yaşayan adam ailədəki cəmiyyətçiliyi də yaşadır. Adam İnsanlaşsa, atalaşsa, analaşsa, övladlaşsa ailə özünə bənzəyəcək. Ailə yad, yağı, faydalı münasibətlər deyil, ruhani münasibətlər ünvanı olacaq.
xxx
Bir var təbiətdən gələn qorxu instinkti, bir də var dinin aşıladığı qorxu hissi. İnam bizə qorxunu ötməyi öyrədir. Din qorxuda qalmağı, qorxunu böyütməyi aşılayır.
xxx
Cəmiyyətdə adamlar bir-birinə faydalı münasibətlə bağlanırlar, ona görə də asan qırılıb qopurlar.
xxx
Ata deyir ki, dünyanı dərk etməmək mümkün deyil. Burada Dünyanın mənasına inam var, həm də insanın dərk edə bilməsinə inam var.
Din deyir ki, dünyanı dərk etmək mümkün deyil. Burada isə nə dünyanın mənasına, nə də insana inam var.
xxx
Allah adamın qismətini, taleyini öncədən “yazır”, adam qismətiylə barışır.
Dünyanın aparıcı siyasi gücləri də adamların, ölkələrin taleyini müəyyənləşdirib öz istəklərini, siyasətlərini həyata keçirirlər. Qismətiylə barışmaq duyğusu adamı gedişata, zülmə, azğınlığa qarşı döyüşdən ayırır. Adam öz qisməti ilə barışdığı kimi, ölkələr də öz qisməti ilə barışır. Din siyasətə yarayır, siyasəti yarıdır.
xxx
Din öz tələblərini adamda həyata keçirir. Adam dinə yarayır, bəndə kimi yaşayır.
Cəmiyyət öz tələblərini adamda həyata keçirir. Adam cəmiyyətə yarayır, cəmiyyətçi kimi yaşayır.
İnam öz tələblərini adamda həyata keçirir. Adam özünə yarayır, insan kimi yaşayır.
xxx
Cəmiyyətlə bir olan ömür itir, yox olur. Çünki təbəqəlikdə, yadlıqda, özgələşəməkdə özünü tapmır.
İnsanla Vətənlə bir olan ömür sabahlaşır, var olur. Çünki İnsanla, Vətənlə bir olmaq – özünü görmək, yaratmaq, fədakarlaşmaq, özündənkeçmək deməkdir. Atamız Var olsun!
Göylü Atalı: Ataya səcdə ilə sözünə başladı: Amallama və Kamilləşmə hesabatımdan bir neçə kəlmə deyəcəm. Mən bəlli səbəbə (Ocaq Evi məsələsinə) görə xalqlaşma əməllərinə – səfərlərə vaxt edə bilmirəm. Amallaşmam “Mütləqləşmək – Var olmaq” kitabındandır. Orda “İnsanın özümləşməsi – dünyanı özümləşdirmək” mövzusu var. Atanın bir fikri var: “İnsan kimi mövcud olmaq, dünyanı özümləşdirməkdir, ancaq özümləşdirmək üçün öncə özümləşmək, müstəqil¬ləşmək, özünü təsdiq etmək, əsarətdən xilas olmaq gərəkdir. Yalnız özümləşən özümləşdirməyə qadirdir. Dünyanı özümləşdirmək üçün onun əsarətindən xilas olmaq lazımdır.” Üzdən baxanda bu fikir ziddiyyətli görünə bilər, Ata deyir ki, məqsəd dünyanı özümləşdirməkdir, eyni zamanda buna getmək üçün onun əsarətindən xilas olmaq lazımdır. Söhbət burda gerçək dünya ilə mənalı dünya arasında təzaddan gedir. Gerçək dünyanın əsarəti ağalıqdır, hərislikdir, qorxu¬dur, xudpəsəndlikdir, şöhrətsevərlikdir, xurafatdır, zordur, maddiyyatsevərlikdir… İnsan bunlardan ayrılmalıdır ki, dünyanı sevə bilsin, dünyanı gözəlləşdirə bilsin.
Bu yaxınlarda dünya ədəbiyyatından “Qoca və dəniz ” əsərini oxudum. Gəldiyim qənaəti demək istəyirəm. Qocanın yaşadıqları əslində bütün cəmiyyətin problemidir. İnsan bir qarın çörək üçün hər cür əzaba qatlaşır, təbiətə zor edir, bəzən vicdanını susdurmaq bahasına əməl¬lərinə haqq qazandırır. İnsan həm gözəlliyə qıymaq istəmir, həm də tamah hissi güc gəlir ona. Zəruri ehtiyac adına hər gün evdən çıxırıq, amma insani olmayan duyğuların təsiri ilə ali duyğularımızı öldürürük fərqinə varmadan. Birdən ayılırıq ki, dünyaya bundan ötrümü gəlmişəm? Mən kitabın özündən sonra Soylu Atalının kitabla bağlı təhlilini yenidən oxudum. Soylu Atalının qiyməti mənə o kitabı daha yaxşı izah elədi və mənə yaxşı təsir göstərdi. Yəni insanı, dünyanı dərk eləmək haqqında daha maraqlı gəldi. Sonda Soylu Atalının fikrini demək istəyirəm: “Əsərdə qoca səyahətdən, üzdən baxanda, məğlub qayıdır. Dəniz yırtıcıları onun böyük bir zəhmətlə əldə etdiyi neməti qamarlayıb alırlar. Ancaq qalibiyyət qocanın düşüncələ¬rində, insana olan ehtiyaclarının qarşısıalınmaz bir həsrətə çevrilməsində, həyat üzərində yüksəlməsindədir. İnsan mənanı öz içində tapa bilməyəndə həqiqət onun köməyinə gəlir…”.
Orda diqqətimi çəkən bir məqam da qocanın cavan dostu idi. Hamının qocaya yazığı gəlir, hamı qocaya uğursuz biri kimi baxır, qoca əslində təkdir. Yalnız cavan dostu onun qayğısına qalır, valideyinlərinin etirazına baxmayaraq. Məhz bu cavan oğlanın timsalında insanın insana həsrətinin nə demək olduğunu dərk edir qoca. Təbiət nə qədər gözəl olsa da, ulduzlar nə qədər əsrarəngiz görünsə də, onlar insanın yerini vermir. Bütün bu məsələlərin kökündə bir şey dayanır – İnsan maddi problemləri həll etməli, ruhani qanunlar əsasında yaşamalıdır. Reallıqda isə əksinədir. Zorən, mənəvi qanunlara əməl olunan göstərilir, maddi qanunlar əsasında isə yaşanılır. Ona görə də insan insana inanmır. Bir-birinə faydanın gözüylə baxır. Necə faydalanım, necə mənimsəyim deyə düşünür. Təbiətə münasibət də belədir, dünyaya münasibət də. Ruhani qanunlar əsasında o vaxt yaşanılır ki, insan maddiyyatçılıqdan yüksəyə qalxır.
Özüylədöyüşlə bağlı deyəcəm. İçimdə umacaqlığı (təmənnanı) öldürmüşəm, ancaq mütləq umacaqsızlığa yetməmişəm. Bəlkə bunu halımdakı dağınıqlıqla bağlamaq daha doğru olar. Son iki ayda evin ödənişinə görə çox əziyyət çəkdim. (Söhbət Ocaq Evindən gedir) Yay fəslində iş azalır, təbii şəkildə gəlir də az olur. Halımda usandığımı gördüm. Dünyanın dərdi mənəmi qalıb? Niyə bu başqalarını da düşündürmür? Niyə mən ortaya düşmüşəm? “Qəhrəmanlıq” azarına tutulmuşam deyəsən. Özümü bu şəkildə sakitləşdirdim ki, yolun yarısından dönmək ayıbdır. Amma çətinlik aradan qalxdıqdan sonra yaşadıqlarımdan, düşündüklərimdən utandım, xəcalət çəkdim. Çətinlik ötəridi, ləyaqət qalır ortada. İnam Məbədi mənim xəyalımdır, hədəfimdir. Mən əslində xəyallarıma xəyanət edirəm burda. Bəlkə də sağlığımda arzuladığım Məbədi görməyəcəm. Amma bu gün onun təməli tökülür, dişlə-dırnaqla. Özümə bir daha dedim ki, ruhaniyyatı, mənəviyyatı məhv olmuş bir xalqa ruhaniyyat yaratmağı düşünürsən, bunun uğrun¬da dincliyindən keçirsən. Bu ömrün qədrini bil. Bəli, qəhrəmanlıq elə budur. Ləyaqət elə budur, səhvlərimə baxmayaraq özümə inandım. Ata deyir ki: heyvan həmişə özünə doğmadır, insan isə əvvəl özünə yadlaşır, sonra doğmalaşır. O doğmalıqla bu doğmalıq arasında yer-göy fərqi var. İnsan özünü niyə sevdiyini bilməlidir. Niyə sevdiyinə cavab tapmalıdır.
Gedişatdakı sual: “İnam əsasında yaşamaq mənə nə verir?”
Bunu bircə misalla demək istərdim. Son ayda mən orta məktəb yoldaşlarımla görüşdüm, bircə təəssüratla ordan ayrıldım ki, Ocağım əvəzsizdir. Bütün o qlobal məsələlər, bəşəri duyğular öz yerində, sadəcə mənim varlığımla bağlı düşündüm ki, o insanların hədəfi nədir, arzuları nədir, mənim arzum nədir. İnam əsasında yaşamaq göylük tələb edir. Atamız Var olsun!

Üstün Atalı: Mənim bu aykı hesabatım əsasən Xalqlaşma yönündə olacaq, çünki səfərlərdə olduğum üçün mütaliəm çox olmayıb. Yeni kitabımız çıxanda onu oxumuşam, içim fərəhlə doldu, bu kitabın çıxması münasibəti ilə əziyyəti olanların hamısını qutlayıram, başda Soylu Atalı olmaqla. Bu gün o kitablardan ölkədışına – Almaniyaya və Türkiyəyə göndərdim, sevə-sevə göndərdim. Mən o kitabın həsrətində idim. Ünvanlara gedəndə görürsən ki, bilgi azdır. Bu kitab iki ləhcədə (Azərbaycan və Türkcə) ünvanlara çatıb gözəl nəticə verəcək…
Keçən ayda və bu ayda Azərbaycanın beş rayonunda oldum. Amma hər səfərə getdikcə halım artır, eyni zamanda elə bilirəm ki, çiyinmə düşən yük də ağırlaşır. Ayı Sabirabad səfəri ilə başladım. Sabirabadda baş verən bəlli olaylarla bağlı (dini təriqət nümayəndələrinin bir-birinə xoşagəlməz münasibəti) düşünürdüm ki, ola bilər mənə qarşı maneə olsun. İçimdə bu hiss var idi. Ancaq gərəkən işlər gördüm… Ocaq haqqında az bilgiləri var idi. Bir kitabxana müdirindən başqa, orda Ata haqqında bilgisi olan demək olar ki, yox idi. Diyarşünaslıq muzeyinin əməkdaşları ilə söhbət edəndə mənə qarşı inamsızlıq sərgilədilər. Söhbət edirəm, üzlərdə, gözlərdə inamsızlıq görürəm. Mənə qulaq asır, həm də fikirləşir ki, görən bu kimdir, niyə gəlib, gözündə qorxunu hiss edirdim. Özlüyümdə düşünürəm, Amalı elə vermək ki, gözlərdə qorxu itsin, narahatlıq yox olsun. Mən burda ayıb iş görmürəm, gəlmişəm Türkün İnamını deyim, Asif Atanı deyim… Amma yaxşı söhbət alındı. Sonda doğmalaşdıq.
Gədəbəydə oldum, kiçik bir kitabxana var idi. İstədim bir az söhbət aparım və ədəbiyyat verim. Orada işçilər yox idi deyə ədəbiyyatlar da vermədim, ancaq özəl buraxılış verdim, ordan da Mərkəzi Kitabxanaya getdim. Kitabxana işçiləri ilə görüş keçirdim. Onlarla Azərbaycan haqqında, Asif Ata haqqında söhbət elədim. Sonra birinci getdiyim kitabxanaya qayıtdım, yoxlamaq istəyirdim ki, rəhbərliyi gəlibmi?! Orda insanları təşviş içində gördüm, siz hansı təriqəti yayırsınız dedilər. Buraxılışda Atanın haqqında oxuduqlarını anlamayıblar deyəsən. Orda bir qadın hiddətlə deyirdi ki, Gədəbəyə gələn Vəhabiçi, Nurçu burdan salamat çıxmayacaq. Mən onu dinlədim və dedim ki, Asif Ata Ocağı yeganə ünvandır ki, elə bu dağıdıcı təriqətlərə qarşı döyüşür. Siz dirəniş göstərsəniz, əslində düz etmiş olarsınız. Evimizin qapısını açmışıq hər kəsin üzünə. Biz də onu istəyirik ki, gəlin İnamımızda özümləşək… Gədəbəy səfərimdə ümumi bir halsızlıq gördüm, inamsızlıq gördüm insanlarda. Mənə xəyalpərəst kimi baxırdılar. Ancaq özləri çox bədbin, ümidsiz, yolsuz görünürdülər…
Son həftədə Şəki-Qax-Oğuz bölgəsində oldum. Bu bölgədə də oxşar hallarla rastlaşdım. Söhbətlərin birində mənə ilk sualları bu oldu ki, siz nə qədər maaş alırsınız? Mən onları anlayıram, düşünürlər ki, mənim nə xeyrim var ki, Bakıdan durub bura gəlirəm. Belə bir şey olmayıb axı, düşəsən kənd-kənd, ev-ev ki, gəlin millət olaq, xalq olaq. Azərbaycana sevgidən danışasan, dəyərlərdən danışasan. Onların ağlında bu fikir oturuşub ki, nəsə bir təmənna olmalı¬dır. Kitab təqdim edəndə sual verdilər ki, pulnandı, pulsuzdu?! Belə suallara səbrlə cavab verməli olurdum.
Qax bölgəsində uğurlu söhbətlərim oldu… İnsanlarımızın içində qorxunu ötmək üçün biz cəhdlər edəcəyik. Zaman keçdikcə bizim kim olduğumuzu görəcəklər.
Oğuz bölgəsində də fərqli hallarla qarşılaşdım. Bir qadın mənə dedi ki, belə söhbətləri xoşlayıram, amma mənim maddi durumum imkan vermir ki, nəsə edim. Bəlkə maddi imkanım çox olsa, mən də belə işlərlə məşğul olaram və b.k. Mən dedim ki, düzdür, səfər etməyə, harasa getməyə maddi vəsait lazımdır. Məgər mənim problemim yoxdur, mənim də problemim var, amma bu problem bitməyəcək, mən onların həllini gözləsəm, bir gün ayılacam ki, 60-70 yaşı haqlamışam. Həyat hər gün diqqət tələb edir. İnsanların imkanı artan kimi o dəqiqə televizorunu dəyişir, mebelini dəyişir. Başqasından geri qalmamaq, dəbdən geri qalmamaq bəlası var adam¬ların canında. Vaxtını xərcləyirsən, pul qazanırsan, təzədən onu yenə itirirsən. Beləliklə, ömrün-günün xərclənir, sən heç nə qazanmırsan. Bəs özümüzü nə vaxt yaradacağıq? İş görmək lazımdır bu yöndə. Söhbətlərimin məzmunu geniş olurdu…
Telefon açıb fərəhimi Soylu Atalı ilə bölüşəndə dedim ki, 5 gündür Atadan danışıram, sanki göylərdə uçuram. Mənasız qayğılardan uzaq, hər şeydən uzaq, daha çox adam axtarıram ki, ideyaları deyəm. Yaxşı bir əhvaldayam.
Mən bu faktları ona görə deyirəm ki, insanın içi ruhaniyyatla dolanda heç nə mane ola bilmir. Əsas odur ki, qəlb böyüsün. Yaxşı halla gəldim bu səfərdən. Həm də öz qüsurlarımı gördüm. Qüsurum o oldu ki, Oğuz şəhərində keçmiş bir Ocaqçını soraqladım. Dedilər nəyindir, dedim tələbə yoldaşımdır. Küçədə keçərkən özü təsadüfən qarşıma çıxdı. Görüşdük, məni evinə dəvət elədi. Məktəbyaşlı övladları var. Axşam bizi gəzintiyə çıxardı, orda məni iş yoldaşlarına tələbə yoldaşı kimi təqdim etdi, mən dinmədim, özümüz-özümüzü dolaşdırdıq. Yəni onun bir vaxtlar Ocaqçı olduğunu o da dandı, mən də. Sonra bunu Soylu Atalıya deyəndə ciddi qınadı ki, “niyə gizlənirsən, keçmiş Ocaqçı özünü gizləyir, özü bilər. Bəs sən?! Ocaqçı olmaqdan böyük ləyaqət tanımıram həyatda. Yeni ideya daşıyıcısı olmağı kim necə qəbul edir, özü bilər, mənim üçün şərəfdir, İnsani gələcəyimizdir…”. Bu qınaq məni özümə göstərən qınaq oldu.
Nurtəkin Atalı: Səfərin qutlu olsun, davamlı olsun. Səfər Ocaq üçün çox önəmlidir. Səfərə gedən vaxtlarımızda həmişə çətinliklər olurdu. O çətinliklər insanı çox bərkidir. İnsanlarla görüşürsən, görürsən kimsə soyuq qarşılıyır, kimsə rəğbətlə danışır. Rəğbətlə yanaşmaq çox gözəldir, amma etinasız yanaşmalar da olur, çünki bu gün xalqın qulağı o qədər müxtəlif informasiyalarla dolub, güzəran çətinliyi də bir yandan, özü haqda düşünməyə halı və vaxtı qalmayıb. Səfərin önəmi odur ki, inam artır və inad artır. Ocağı yaradana qədər Ata klub yaratmışdı, amma Atanı təqib edən kimi hamı dağılıb getdi. Ata tək qaldı. Onda Ata dayanardı. Ata özünə inandı və bir nəfərdən Ocağı başladı.
Sən danışdıqca hər şey gözümün qarşısına gəlir. Soylu Atalı, Göylü və mən səfərlərə gedəndə keçirdiyimiz hallar yadıma düşür. Mən özüm rejim adamıyam, vaxtında yeməyəndə təzyiqim düşür. Amma səfərdə heç normal yemirdik, normal yatmırdıq, amma o hiss olunmurdu. Səfər halımızı elə kökləyirdi ki, nə aclıq hiss edirdik, nə də soyuqluq. Çətinliklər daha da fərəh verirdi. Bu bir macəra deyil, bu bir yaşamdır İnamı vermək, xalqda özünə inam yaratmaq yönündə.
İnamlı Atalı Ataya səcdə ilə sözünə başladı: Mən bu gün Güntay qardaşımızın yazdığı mövzu üstə münasibətimi demək istəyirəm, –“İnam üstə yaşamaq nə deməkdir?”
İnam üstə yaşamaq əslində Üstün xanımın dili ağzına sığmadan danışmasıdır. İnam üstə yaşamaq bir xanımın rayon-rayon, kənd-kənd tanımadığı, görmədiyi yerlərdə Ocağı demək, Ocağı vermək ləyaqətidir. Heç bir təmənna güdmədən, heç bir qorxu-hədə bilmədən, İnam əsasında yaşamaq onu verir. İnam əsasında yaşamaq onu verir ki, Ocaq 36 ildir yol gəlir, həyatın çirkin bir sel kimi insanların üstünə axdığı bir vaxtda. Ocaqçılar Ocaq ədəbiyyatı yayıb, görüşlər keçirə bilirlərsə, bu, İnam üstə yaşamaqdır. İnam üstə yaşamaq dinçiliyin, maddiyyatçılığın, adamlığın töhmətindən qurtarmaq deməkdir. Bəşəriyyət bu günə qədər inam üstə yaşamayıb, xurafat üstə yaşayıb. Ona görə dünya düzəlməyib, əyilib. Dünyada böyük-kiçik hamıya qıya bilirlər dinə görə. İnam üstə yaşamayıb deyə bəşər bu günə qalıb. Asif Atanın Amalı insanın İnam üstə yaşaması deməkdir, həqiqəti görməsi deməkdir. Üstün xanım gördüyünü, yaşadığını deyir, İnam üstə yaşamaq bu deməkdir.
Son bir ayda kamilləşməm, xalqlaşmam, demək olar ki, yox səviyyədədir. Özümə heç cür vaxt ayıra bilmədim. Əlbəttə, özünü yaratmağın fiziki yaşamağa həsr olunan işə heç bir dəxli yoxdu. Kamillik üzdə qurulmur, içdə qurulur. İnsan daxili şərlə döyüşür, özünə bərabər olur. İnsan içindəki balacalığı öldürə biləndə cəmiyyətə uğurlu yön verməyə başlayır. Ocaqçılar bu yükün altında sarsılmadan gəlirsə, bu, Ocaqçıların qurulmasıdır…
Bir az fasilə versəm də, Ocaqda bacardığım ən yaxşı iş xalqlaşmadır. Gedib hər hansı bir qapını döymək Ocağın qələbəsidir. Sən nə qədər Ocaqlaşmısan bir o qədər qapılar aça bilirsən.
Keçən həftə iş yerimdə müdiriyyət kiçik bir toplantı keçirdi. Mən işə gələndən orada rus dilində danışmağı yasaq eləmişəm. Mənə deyirlər ki, başa düşürük ki, sən vətənpərvərsən, millətçisən, amma mən kapitalistəm. Mənim salonuma erməni də gəlsə, onunla ermənicə danışın. Bu da bu gün bizim içinə düşdüyümüz kapitalizmin murdarlığı. Bu boyda cəmiyyət içində 5-10 nəfər vətən haqqında düşünürük. Düşünürük ki, xalq ruhaniyyatçı olacaq, ruhani cəmiyyət yaranacaq. Qıraqdan baxanda adamlara xəyal kimi görünür. Ancaq həqiqət budur, inam üstə yaşamaq budur.
Sizə bir yazı oxumaq istəyirəm:
Dərddən oynayan soydaşlarımız!
Ümumxalq Dərd həllini tapmayanda zaman-zaman adiləşir və tarixə çevrilir. Doğru deyiblər ki, keçmişindən dərs almayan, dərdi gələcəkdə də yaşamağa məhkumdur. Dərddən nəticə çıxarılmayanda onun törətdiyi faciə görünmür, illər sonra özünü göstərir. Onda da bunun həlli baş tutmaz görünür, əslində isə sorun hər zaman çözüləndir. Yetər ki, məqsəd, məram aydın olsun. Yetər ki, dərdimizin üstünə gedib həll edək, ənənələşdirməyək. Ənənələşdirdikcə hadisənin miqyası böyüyür.
186 ildir bir millət ikiyə bölünüb – Güneyə və Quzeyə. Güney fars üsul-idarəsinə məhkum edilib. Quzey isə Avropa ilə Rusiya arasında qalıb. Xalq bu günə kimi bir-birinə qovuşmaq istəsə də, buna nail ola bilmir. Çünki, ideoloji işimiz və siyasi hədəflərimiz düzgün bəlirlənmir. Güneyimizdə baş qaldıran azadlıq mücadiləsi daim amansızlıqla yatırılıb. Millət farsın içində əridilməyə zorlanır. Güney Azərbaycan öz etirazını hər il Bəzz Qalasına yürüş etməklə və qol açıb oynamaqla ovundurur. Özünə təsəlli verir millət. 35-40 milyonluq bir xalqın taleyinə necə laqeyd qalmaq olar. Onlar özlərini kimsəsiz, arxasız hesab edirlər. Rusiya, Amerika və bu kimi dövlətlər bir əsgərindən keçmədiyi halda, bizim dövlətimiz 35-40 milyonluq xalqın başından keçən görünür, baş verənləri İranın iç işləri kimi qiymətləndirir. Nəzərə alınmalıdır ki, Güneyin azadlığı – bütövlükdə Azərbaycanın azadlığı deməkdir. “Azərbaycan birdir, ikidirsə o yoxdur” (Asif Ata).
1989-90-illərdə ilk dəfə sınır dirəkləri uçurulanda xalq düşünürdü ki, güney-quzey həsrətinə son qoyulacaq. İkiyə bölünmüş millət bir olacaq. Bütöv Azərbaycan, nəhayət ki, bərpa olunacaq. Təəssüf ki, belə olmadı. 162 illik həsrətə iki-üç günlük “vüsal”a bənzəyən göz yaşları ilə son qoyuldu. Doğmalar öpüşdü-görüşdü, ağlaşdı, sonra yenidən hərə öz ev-eşiyinə döndü. Həyat öz köhnə axarına düşdü.
Türkmənçay bağlaşmasından bu yana hər iki tərəfdə soydaşlarımızın qəlbinə, ruhuna elə zərbə vurulub ki, millət, doğrudan da, qanbir, canbir olduğuna sanki şübhə ilə yanaşır. Ona görə də iş getməlidir. İçdən qovuşma, bütövləşmə yaranmalıdır ürəklərdə. Əks halda, həmişə Güney Quzeyə, Quzey Güneyə sınır qonşusu kimi baxacaqdır.
1993-cü il iqtidar-müxalifət qarşıdurması nəticəsində torpaqlar işğal olunarkən, mühasirədə qaldığımız üçün, çarəsizlikdən üzüb O Taya keçənlərdən biri də mən idim. Ordakı soyuqqanlılıq, yadlıq məni təsirləndirmişdi. Sanki qəsb edilən torpaqların, yandırılmış məmləkətin, öldürülmüş, Arazın sularına qərq olunmuş insanların O Taylı soydaşlarımıza aidiyyəti yox idi. Millət başsız qalanda onun ruhuna da, qəlbinə də hakim olurlar.
Hər il bu vaxt soydaşlarımızın Bəzz Qalasına yürüşünü əngəlləməklə görüntü yaradır fars rejimi. Yaxşı bilir ki, yürüşlə, piketlə millət qovuşmaz, vətən bütövləşməz. 21-ci yüzildə millət¬ləri demokratiya oyununa saldılar. Xalqların öz müqəddəratını həll etməsi görüntüsü yaradırlar. Əslində xalqların üzərində irtica baş verir. Güclü dövlətlərin zəif dövlətlərə öz niyyətini diktə etməsi açıq-aydın görünür. Bu səbəbdən də xalqların öz taleyini həll etməsi düyünə düşüb…
Bəşərin mənəvi irsinə onlarla töhfə verən bir millətin yurdu ayaqlar altından qalxmalıdır. Asif Atanın ideyaları dərindən öyrənilməlidir, ona sahib çıxılmalıdır. Əminliklə demək olar ki, Azadlığımızı yetirməyin gücü budur… Atamız var olsun.
Güntay Atalı Ataya səcdə ilə sözünə başladı: Amallaşmamda bir irəliləyiş var. Zaman keçdikcə mən İnamın nə demək olduğunu anlamağa başlamışam. Buna görə də deyə bilərəm ki, kamilləşmə yolundayam. İnam əsasında yaşamağı dərk eləmişəm, bir meyar olaraq özüm üçün qəbul eləmişəm.
Xalqlaşma işim yüksək səviyyədə deyil, pis də deyil. Ən çox iş yerimdə xalqlaşma işi aparıram. Evimizdə Soylu Atalı ilə görüş təşkil elədim. O insanları dəvət eləyəndə də müəyyən qədər xalqlaşma işi aparmışdım. Onlara bildirmişdim ki, mən Asif Atanın davamçısıyam. Bu yaxınlarda bir yoldaşla görüşmüşdüm, o uzun müddət Almaniyada yaşayıb, onun uğurlu fikirləri var, ancaq fikirləri dağınıqdır. O adamın əmisi oğlu mənimlə işləyir, o görüşdürmüşdü bizi. Yaxşı söhbət elədik. Sonra görüşə dəvət elədim. Təzə çıxan kitabımızdan verdim ona… Əlbəttə ki, bu halları artırmaq mənim hədəfimdir. Bayaq Üstün xanım vurğuladı ki, qonum-qonşum hamısı məişət problemləri ilə vuruşur. Bir tanışım var, o da mənə belə şeylər dedi ki, get öz dərdini çəkginən, ev-eşiyinlə məşğul ol. Mən ona dedim ki, biz Ocaqçılar müəyyən qədər boğazımızdan kəsirik, Ocağı yaşadırıq, amma mənim uşağım acından ölmür. Mənə ağıl vermə, mən uşağımı lap yaxşı geyindirə bilərəm, ancaq xalq bu gün elə bir durumda yaşayır ki, uşaq qapıdan çıxdı mənim olmaya bilər. Bu gün yadlıq canavar kimi ağzını açıb gözləyir qapının ağzında. Onun nəticəsidir ki, bizim övladlarımız bizə aid olmayan yerlərdə ölürlər… Ölkədən beyin köçür. Bu qədər olimpiadalarda statistik rəqəmlər göstərirlər, hanı o beyinlər, gəlib niyə bu ölkəyə yiyə durmurlar? Olimpiadalarda ən yüksək nəticə göstərən insan kapitalistlərin müqaviləsi ilə maaş alır. Hər şeyi gerçəkliklə ölçmə, vətən var, xalq var, millət var. Sən burda lazımsan. Gəl vətənində yaşa, laqeydliklə, biganəliklə hara getmək olar? Asif Atanın Evladları xalqa nə deyir, – demir ki, gəl mənə qulluq et. Biz minnət də qoymuruq xalqın boynuna. Mən şəxsən çöldə gördüyüm o insanların ayağına gedirəm. Gəl özümüzü tanıyaq, keçmişimizi tanıyaq. Yad ideyalarda deyil sənin çıxış yolun, özündədir.
İnam əsasında yaşamq mənə nə verdi? Məni ilk növbədə təsiri altında olduğum dar mühitdən araladı. Mən özüm hiss edirəm ki, İnam məni daha nümunəvi edir. Özümü özümə nəzarətçi edir. Bəlkə də mən özümü tam ifadə edə bilmirəm, ancaq durub qıraqdan əvvəlki özümə baxanda nə qədər fərq görürəm.
Bu ay, deyim ki, mənim “özüylədöyüş” dəftərim yox idi, mən “özüylədöyüş dəftəri” tutdum. Fikirləşirdim ki, məndə filan zəifliklər yoxdur, sonra gündəliyimi yazanda labüd şəkildə özüm barədə düşündüyüm üçün, gördüm ki, məndə nə qədər ziddiyyətlər var. Dəyişkənlik var nə qədər. Onları bir-bir aradan qaldırmalıyam. Bir sözlə, İnam əsasında yaşamaq əvəzsizdir… Atamız Var olsun.
Üstün Atalı: Sizin evdə keçirilən görüşlə bağlı mən fikrimi demək istərdim. 4 saat fasiləsiz olaraq oturub dinləmək, müsbət haldır. Burda ilk növbədə Soylu Atalının tədbiri aparmağı rol oynadı, eyni zamanda iştirakçıların danışığından hiss olunur ki, sən onlarla yaxşı işləmisən… Soylu Atalının orda görüş keçirməyi onların içində yaxşı bir hal yaratdı. Sən bir soraq vermişdin, Soylu Atalı Ocaq düşüncəsini onların içində tamamladı.
Güntay Atalı: İnsanlarda böyük ehtiyac var. Min ildir bizim içimizdə oturanlar imkan verməyiblər ki, biz nəsə quraq, yaradaq. Bizim özümüzün meyarımız olmayıb axı. Ona görə də insanlar Asif Atanı eşidəndə onu elə heyrətlə qarşılaya bilirlər. Başqa yol yoxdu. Mən evimdə hal yaratmışam, hesab edirəm ki, Ocaqda olduğum az zamana görə yaxşı da uğur əldə eləmişəm. Çünki mən Soylu bəyi, Ocağı verə bilmişəm evdə. Mənim yaxınlarım bilirdi ki, mən Asif Atanın davamçısı olmuşam, amma bilmirdilər ki, Asif Ata kimdir. Soylu bəy gəldi orda bir növ məni təsdiq elədi. Gəldi təsdiq elədi ki, mən işıqlı yol tapmışam. İndi mən belə görüşləri ildə 4 dəfə planlaşdırıram. Soylu bəylə kəndimizdə görüş təşkil etmək istəyirəm… Belə olmalıdır. Xalqın qulağına, zərrə-zərrə olsa da, söz çatmalıdır. Xalq bilməlidir ki, onun sahibi var, onu işıqlı günə çıxarmaq istəyənlər var, fəlsəfə var, ideya var. Ocağı tapdığıma görə çox sevinirəm, bu mühitlə tanış olduğuma görə İnamlı bəyə təşəkkür edirəm, mənim həyatda bundan böyük tapıntım olmayıb.
Yasin Tüksoy: Uzun müddətdir ki, görüşmürük. Soylu bəylə görüşəndə Üstünün səfərlərindən danışmışdı, indi də özündən eşitdim, çox fərəhləndim. Üstünün halı fərəhlidir, danışığında, həm də üzündə hiss olunur. Ləyaqət göstərib, bölgələrə çıxıb, yaxşı bir haldır, təbrik edirəm.
Sizə yazı oxuyacam:
Toplumun davranışını, üzdə baş verən hadisələri müşahidə etdikdə bunun özüldən ayrı bir davranış olduğu aşkara çıxır. Ancaq Yurdumuzda nə qədər aşınma prosesi olsa da, yenə də dərin qatda ruhçuluq, millətçilik işi gedir. Millətin aqibətini gələcəyini düşündükcə Asif Atanın milli- ideoloji, insani ideyalarının xalqın, bəşərin aqibətinə nə qədər gərəkli, əsaslı olduğu aşkara çıxır. Ünsiyyətdə olduğumuz yurddaşlara Asif Ata kimliyi, Amalı, Ocağı haqda bilgi veririk. Yurddaş¬larla din mövzusuna gəlib çatanda isə özgələşirlər. Dinçilər gəncliyin təsirlərə düşüb məhv olduğunu görürlər, ancaq gəncliyi xilas edə bilmirlər. Çünki dinin mahiyyətində yalan var, xülyəvi vəd vermələr var, xurafat var. Bəzi dinçilər gəncliyin dərdinə yanır, ancaq onu xilas edə bilmirlər. Allah hər şeyi görür, bilir deyib, təsəlli tapırlar. Gəncliyi Asif Ata Amalı ilə, inamla, idrakla böyütsələr, gənclik Avropaçılıq, Amerikaçılıq təbliğatında boğulmaz.
Bu arada xaricdə yaşayan yurddaşımız Tariyel Azərtürklə milli-ideoloji yöndə söhbətimiz oldu. Osmanlı ərəbçiliyi haqda bəzi fikirlər bölüşdük. Atatürkə qədər Osmanlı idarəçiliyi dilindən tutmuş kültürünə qədər ərəbçiliyə dayanmışdı. Ümümi türk dilini, tarixini araşdıracaq yollar yaratmalı idi Osmanlı, ancaq Osmanlı sultanları camilər ucaltdılar. Şəriət yaşamı yaydılar. Milli kimlik unutduruldu. Yalnız Atatürk türk ordusunun tarixini, dilini araşdıracaq milli kadr¬ların yaradılmasını başlatdı. Türkiyədə qayaüstü təsvirləri, işarələri araşdırma işi indilərdə başlayıb. Bu işin araşdırılması türklərin Anadoluya gəlişinin Səlcuqlar dövründə yox, daha qədimdə olduğunu aşkara çıxarır. Bu araşdırmalar Türkiyə həyatında qaçılmaz bir məsələni ortaya çıxardır – Türk tarixi yenidən yazılmalıdır. Asiyada, Tuvada, Avropada, Yakutyada, Xakasi¬yada, Qırğızıstanda, Monqolustanda, Qazaxıstanda, Güneyli-Quzeyli Azərbaycanda başlamaqla, Türkiyənin Doğu Anadolu bölgəsində, Doğu Avropa da daxil olmaqla, türk kimliyinin gizlədilmiş izlərini daşıyır. Avropada bulqarlar, xəzərlər, tatarlar dağlarda öz izlərini qoymuşlar. Güney Azərbaycandakı qaya təsvirlərini, arxeoloji tapıntıları farslar dağıdır, öz adına çıxarır. Adamdan soruşarlar ki, ay fars, əgər bu tapıntılar sənindirsə niyə dağıdırsan, niyə ört-basdır edirsən?!
Təəssüf ki, insanlarımız bu tarixi əhəmiyyətli məsələləri araşdırmır. Gənclər gündəlik istifadə etdikləri mobil telefonlardan, planşetlərdən, noutbuklardan, sosial şəbəkələrdən, proqramlardan tanışlıq məqsədi ilə istifadə edirlər. İctimai yerlərdə gənclərin vikipediyalardan istifadə etdiyini görmürəm…
Qobustandakı qayaüstü rəsmlər məmurların villalarına yaraşıq üçün aparılır. Dəhşətdir, məmurlarımız milli sərvətlərimizdən əlavə, tariximizi də oğurlayırlar. İndiki antimilli rejimin işğalı, bizə, ruhdan düşüb mübarizədən çəkilməyə əsas vermir. Milli dövlət yarat, millətçiliyinə başla!
Bu tədbirdəki yazıların da səsdən sözə çevrilib, sayta qoyulması milli yöndə gərəkli hadisədir. Axtarışda olanlar internetdə bununla rastlaşırlar. Onların ağlına söz çatır, gözləri açılır. Görürlər ki, bir qom adam yığışıb bir yerə vətənin, millətin dərdini bölüşür. Bölüşməkdən əlavə həm də ortaya nicat yolu qoyur.
Atamız Var olsun.
Elçin Həsənov: Avqust ayında bir az insanların içində döyüşlərlə bağlı təşvişlər oldu. Vaxtilə bizə müxalif olan insanlar özləri bizə yaxınlaşdılar. Onların bircə sualı var idi, müharibə olacaqmı, əsgərliyə aparacaqlarmı? Sözsüz, mən bu gün həyatı saxta olan bu rejimin Vətən uğrunda müharibə edəcəyinə inanmıram. Bu yaxınlarda bir filmə baxırdım, ordan bir epizod deyəcəm, “Müsyö Jordan Hətəmxan ağaya deyir ki, sən nə əcəb çarın yanına getməmisən, orda təmsil olunmursan?” Orda mənim ağlıma bir fikir gəldi ki, biz elə o vaxt da özümüz can atmamışıq Azərbaycanı tanıtmağa. Rus generllarının köməkçiləri həmişə ermənilər olubdur. Elə o vaxt da ermənilər orda yerləşməklə Qarabağ planını qurub və biz keçmişin cəzasını indi çəkirik.
Mənə bəzən deyirlər ki, sən demokratik fikirli insansan, nə əcəb Asif Ata Ocağındasan. Onlar elə bilirlər ki, biz müəyyən dini qruplar kimiyik, anlamırlar, başa düşmürlər. Mən onlara deyirəm ki, Ocaqda bu günləri biz sözümüzü deməyə yer tapa bilirik. Fikirlərimizi deyə bilirik, xalqlaşa bilirik. Bu gün sənin problemlərini sənin hər şeydən uzaq düşməyin yaradır. Sən bura gəl, burda türkçülüyün, vətənsevərliyin nə olduğunu gəl gör. Həmin o sözləri mənə deyən adamı mən dəvət elədim, onun yası düşdü, gələcək tədbirlərimizdə onu bura gətirəcəm. Mənim özümün şəxsi problemim də oldu, amma məni ən çox xalqın öz problemlərinə biganə qalmağı narahat edir. Amma biz getməliyik xalqı çağırmağa. Bunun üçün Asif Ata Ocağı ciddi işlər görür.
Aydın bəy: Çox minnətdaram ki, bu tədbirdə iştirak elədim. Millətin millətçiliyini tapmağını mən müsbət qarşılayıram, indi hələ ki, dinləyirəm. Tədbir çox yaxşıdır.
Cəsarət bəy: Burda elə məqamlar var ki, mənim üçün tam aydın deyil. Söhbətlərə qulaq asdıqca aydın olur.
Kamil bəy: Söhbətinizə qulaq asdım, qəbul etmədiyim cəhətlər də var, qəbul elədiyim cəhətlər də. Mən elə dünya fəlsəfəsi ilə məşğulam, elmi işlə məşğulam. İnsanın iki inkişaf mənbəyi var, ürək və təfəkkür. Kamilləşmənin yolları çoxdur. Mən dini tədqiqlə məşğulam, araşdırma ilə məşğulam. İslam tarixində kamillik mərtəbəsində olan insanlar olub, dahilər olub, fikir tarixində Balzak kimi məhşur nəhənglər olub, Yunanıstanda əxlaq dəyərlərini götürsək, Sokrat, deyirlər ki, elə peyğəmbər olub. Burda mənim ən çox sevdiyim milliləşmək məsələsidir. Hətta ayların milliləşdirilməsi məsələsi, iqtisadiyyatın milliləşdirilməsi məsələsi. Sizin qeyd elədiyiniz “özüylədöyüş” məsələsi. Onsuz mümkün deyil. Asif Ata konkret şəkildə yazır ki, iqtisadiyyat milliləşdirilməlidir. Asif Atanın “Yol” kitabını oxumuşdum, çox xoşuma gəlmişdi.
Soylu Atalı: Mən bilmədim sizi təmin eləməyən məsələ nədir? Onu demək olardı.
Kamil bəy: Mənim qəbul etmədiyim tərəf səcdə məsələsidir. Mən bunu birmənalı qəbul edə bilmirəm, çünki insana səcdə olmaz. Səcdənin ideyası müqəddəsdir, paklıq baxımından. Hər birimizin günahı var…
Əli bəy: Məncə, buna səcdə demək olmaz. Necə ki, müsəlmanlar öz peyğəmbərlərinə hörmət edir, eləcə də burda. Yəni Asif Atanı qarşınıza qoyub ibadət eləmirsiniz, sizdə bu hörmətdir. Elə bilərlər ki, biz Asif Atanı qarşımıza qoyub ibadət edirik, tanrısal bir varlıq kimi, o mənada deyil, necə ki, müsəlmanlar öz peyğəmbərinə bir müqəddəs kimi baxırlar, bir böyük kimi, mən də başa düşmüşəm ki, Ocaqçılar da o səviyyədə baxırlar Asif Ataya. İkinci dəfədir ki, Ocaq tədbirində iştirak edirəm, birinci dəfə Soylu bəylə görüşdüm, mənə yaxşı təsir elədi. Məndə yaxşı fikir oyatdı, onu deyə bilərəm ki, xeyirli Ocaqdır. Mən bu Ocağın uzun ömürlü olmasını arzulayıram. Çünki burda İnsançılıq, Türkçülük, Vətənsevərlik təbliğ olunur. Eyni zamanda cahillik, xurafat isə tənqid olunur. Belə Ocaqların çox olmasını istərdim. İnsanlar doğru olana nə qədər çox inansalar, daha çox humanist olarlar.
Soylu Atalı Ataya Səcdə ilə sözünə başladı: Burada Ocaqçılar hesabat verirlər, bunu Ailəçiliyin prinsiplərinə uyğun şəkildə edirlər, gələnlərimizi bu yöndən nəzərə almırlar. Yəni tədbir sırf bilgi vermək üçün deyil. Gələnlərimiz hər zaman var, hər zaman da ola bilər, ancaq Ocağın öz prinsipləri var, “Ailə Günü”ndə Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı verilməlidir. İlk baxışdan yeni gələn soydaşımız üçün bir çox şeylər qaranlıq qala bilər. Bəzən anlaşılmayan şeylər ola bilər. Təbiidir. “Ailə Günü” Asif Ata Ocağının apardığı işin bir xəttidir. Bizim həyata keçirmək istədiyimiz ideyalar var. Bunu sadə həvəslə həyata keçirmək mümkün deyil. Burada bu ideyaları həyata keçirə bilən insanlar yetişir. Əslində “Ailə Günü”nün hədəfi budur. Asif Atanın ideya yükünün altına girə bilən güclü şəxsiyyətlər lazımdır. Burada fərd özü-özünü yaradır.
Amallaşırıq, yəni nə edirik?! Göylü xanım Hemenqueyin “Qoca və dəniz” əsərindən açıqla¬malar verir. Adama elə gələ bilər ki, Hemenqueyin bu əsəri burda nəyə lazımdır, axı bura ədəbiyyat məclisi deyil? Məsələ ədəbiyyatda deyil, Göylü bu əsərə sənət nümunəsi kimi müraciət eləmir, ümumbəşər həyatını özünə aydın eləmək üçün müraciət edir. Sənət özü həyatdan təcrid olunan bir şey deyil, həyatın içinə müdaxilə edir. Həyatdan qıraqda sənət yoxdur. Amallaşıram, əslində Asif Atanı öyrənirəm. Asif Atanın anlayışlarını 7 il mən onun özündən eşitmişəm. Mən çox sonralar anladım ki, 7 il mən nə öyrənmişəmsə, o mənim alt yapımda qalıb. Adam sözü dinləyir, söz ona tanış gəlir, növbəti dəfə də sözü dünləyəndə yalnız söz ona çatır. Əslində insanın içinə çox gec oturur həqiqət. Nə vaxt oturur? O vaxt ki, insan həm o həqiqətlə düşünür, həm də yaşayır. Əgər həqiqətin tələbi ilə addım atmırsan, yaşamırsansa, o yalnız sənin müəyyən anlar ağlına gələcək və ağlından çıxıb gedəcək. Ağlından çıxıb getməsə belə, o sənin üçün ritorik bir məna daşıyacaq. İnsan həqiqəti dinləyir, öyrənir, ona görə ki, yaşamaq istəyir. İnsan məsələsi demişkən, bunu izah etmək üçün bir şey vurğulayım. Burada bizə bildirmək yönündə deyildi ki, peyğəmbərlər böyük şəxsiyyətlərdir. Bəli, doğru sayırıq. Ancaq peyğəmbərlər çox deyil. Peyğəmbər başlayır Zərdüştdən, sonra Budda gəlir, İsa, Musa, Məhəmməd. Bunlar böyük səxsiyyətlərdir. Biz onların böyük şəxsiyyət olduğunu həm ideyala¬rından görürük, həm də yaşadıqları mühitdə yaratdıqları hal ilə öyrənirik. Bəs bizim çağımıza onlar nə ötürüblər? Yenə deyirəm, söz yox onlar böyük şəxsiyyətlərdir, ancaq onların böyüklüyü, daha doğrusu səmavi peyğəmbərlərin şəxsiyyəti cəmiyyətdən üstündür. Lakin cəmiyyət nə gündədir? 7 milyard insanın içərisində bu gün axtarsanız, öyrənsəniz barmağınızın sayı qədər adam tapacaqsınız ki, bunlar insanlığa uyğun yaşayır. Mən sizə bunu cəmiyyətlə məşğul olduğum üçün, öyrəndiyim üçün deyirəm. Onlar çağlarındakı cəmiyyətdən üstün idilər. Axı bəşəriyyət öz mahiyyətinə uyğun yaşamır. Bəşəriyyət öz mahiyyətinə uyğun yaşasa, biz peyğəmbərlərin öz həyatına ondan sonra baxa bilərik, onda qırağa çıxmalar görəcəyik. Mütləqilik meyarı ilə yanaşacağıq. Onda biz bəşəriyyətin çatdığı bəşəri məna var ha, ordan baxacağıq. İsa yaxşı adam idi. Amma İsa deyirdi ki, insan Allahın qoyunudur, sürüsüdür. Məhəmməd deyirdi ki, insan anadangəlmə günahkardır Adəm və Həvvanın törəməsidir. Adəm və Həvva da kimdir, Allahın cənnətdən qovduqları məxluqlar. Peyğəmbər səhv deyib ki, insan anadangəlmə günahkardır. Mən dönə-dönə vurğuladım məsələnin bu cəhətini. Quranda deyilir ki: Adəm və Həvva rəbbin əmrinə tabe olmadı, onun yolundan qırağa çıxdı və cənnət bağında buğda ağacından təam elədi. Bununla da onların ayıb yerləri göründü və onlar öz ayıb yerlərini ayrı-ayrı meyvə ağaclarının yarpaqları ilə örtdülər. Tanrı onları İblisin felinə uyduqlarını əsas götürüb cənnətdən qovdu. Hara qovdu? Bizim planetə. Yer planeti nə cənnətdi, nə cəhənnəm, keçiddi. Bizim yaşadığımız dünya konslagerdi, əzizlərim. Peyğəmbər bunu dedi. Təhlil eləmisi¬nizmi? Öyrənmisinizmi? Cənnət ağacından, buğdadan yedi. Buğda nədir – çörək, çörək isə həyat deməkdir. Quran bununla başlayır. Yəni həyatı ləğv edir. Deməli, Allah buğdaya (həyat əlamətinə, nemətinə) görə mənim əcdadlarımı qovub. Ayıb yerləri göründü nə deməkdir, yəni bu doğub-törəməyə başlayacaq. Doğub-törəmə qəbahət imiş. İnsanlığın yaranması, inkişaf etməsi qəbahət imiş. Sonra deyir ki, siz Tanrı qarşısında ibadət etməli, günahınızı yumalısınız. Günahınızı yumalısınız ki, Tanrının bəlkə rəhmi gəldi, öz malikanəsində, öz dərgahında sənə yer ayırdı, cənnətdə. Cənnətdə sənə yer ayırıb demək, insanın doqquz arxa dönənindən bu yana hamısını təhqir etməkdir.
Cənnətdə doğub-törəmə varmı? Yoxdur. Doğub-törəmə olsa, cənnət olacaq zibilxana. Çünki gedişat indi zibilxanadı. Doğub törəyib, günah içində çabalayırıq. Əgər cənnətdə doğub-törəmə olacaqsa, yenidən qüsurlar qayıdacaq ora. Amma deyir ki, orda nə isti var, nə soyuq, nə əzab var, nə əziyyət, orda hər şey hazır şəkildə təqdim olunur, qızıl məcməyilərdə təamlar gəlir qabağına. Əzab yoxdu, zəhmət yoxdu, isti yoxdu, soyuq yoxdu. Nədir bu? Tüfeyli həyat. Sizin də bəyənmədiyiniz Azərbaycan məmurlarının bağı-bağçası. Hara çağırırsan məni? Qohum yox, qardaş yox, dost yox, kimsə yox o dünyada. Yoxdursa, millət də yoxdur. Millət qohumdan, qardaşdan, anadan, atadan olur. Millət olmayan yerdə nə var – sürü.
“Hamı məhv olacaq, sonra Allahın hüzurunda yenidən diriləcək. Sorğu-sual ediləcək, bütün bəşəriyyət məhv ediləcək, 5-3 əməli saleh adamı saxlayacaqlar, ondan təzə bəşər yaradacaqlar”. Bunu da İsa deyir. Bu nağıllara mən nə vaxta qədər inanım? Bu cəfəngiyyatnan hara gedim? Milləti ləğv eləmək nə deməkdir? Ona görə Məhəmməd deyirdi ki, hamı mənim ümmətimdir. Millət yoxdur, ümmət var.
Türkdən ümmət olmaz!
Ümumiyyətlə, hər bir millət özü bəşərdir. Bəşər millətlərdən oluşur. Mücərrəd bəşər yoxdur. Milləti ləğv edirsən, bəşəri ləğv edirsən. “Onsuz da bu dünya oyun-oyuncaqdır, fanidir, heçdir, puçdur, yalnız axirət dünyası əsasdır”. Dünyanı gözümdən salırsan. Sənin şəxsiyyətini ölçmək istəyirəm, nə ilə ölçüm, dünyanı mənim gözümdən salırsan. Mənə mücərrəd dünya vəd edirsən, ona görə dünya murdardır. Murdar olaraq da qalır, çünki gözümdən salmısan. Sevmirəm bu dünyanı, istəmirəm bu dünya düzəlsin. Sən kamillik ideyanı ortaya qoy görüm, nə deməkdir bu kamilliyin?
Sufilər İslamın daxilində başladılar, ancaq mənaca onun dediyindən qırağa çıxa bildilər. Onlar Allaha qovuşa bildilər. Allahla bir idilər, vəhdəti-vücud münasibəti yaratdılar. Onlardan qıraqda vacibül-vücüd fəlsəfəsi yaratmışdılar. “İnsan heçdi, dünya heçdi, yalnız O vacibdi. Hər şey heçdi, puçdu”. Təəssüf ki, bizim mollabaşılarımız bunu öyrənmirlər. Dərindən heç nə öyrən¬məyib¬lər. Nə sufiliyi dərindən öyrəniblər, nə dini dərindən öyrəniblər.
Gəlirəm Asif Ataya səcdə məsələsinin üzərinə. Asif Ata deyir ki, “İnsan – daxilində Mütləq gəzdirən, Gerçəklikdən, Şəraitdən, Mühitdən yüksək olan, Mütləqiliyə meyil eləyən və Mütləq¬ləş¬məyə qadir olan Ruhani Varlıqdır”. Bəşər tarixində bu sözə bərabər söz görmürəm. Yerin-göyün əşrəfi deyib insana hürufilər, Babək deyib, Mənsur Həllac deyib, Nizami də deyib, ancaq yerin-göyün əşrəfi nə deməkdir?! Açmışam mən onu. Yerin-göyün əşrəfi sözü, “İnsan daxilində Mütləq gəzdirən” fikrinə bərabər deyil. Yerin-göyün əşrəfi yerüstü, göyüstü Allahın yaratdığı əşrəfdir. Fövqəlqüvvənin yaratdığı əşrəfdir. Yaradılandı o əşrəf, içində Mütləq gəzdirən deyil. Transsendental, əlçatmaz qüvvə var, o qüvvədən aşağıda hər şey var. Asif Ata isə deyir, səndən qıraqda qüvvə yoxdur, qüvvə səninlə iç-içədir. Mütləqi içində gəzdirirsən, Dünyalıq sənin mahiyyətində var. Dünyalıq kainatın içində var.
Ərəstun deyir ki, insan adlı əyri ağacdan heç nə düzəltmək olmaz. Asif Ata da deyir sənin fəlsəfənə qadam, sənin fəlsəfən nəyə lazımdır? Fəlsəfə insan üçündür. Fəlsəfə insanın əyrisini düzəltmək üçündür. Sən də deyirsən heç nə yaratmaq olmaz, niyə yaratmısan sən onda fəlsəfəni? Ata deyir dünya fəlsəfəsi böyük mənada qaralamadır. Dünyanın tarixi böyük mənada qarala¬madır. Biz tarixdə olan dühalara nisbi nəzərlərlə baxmaq zorundayıq. Mənimlə müqayisədə filankəs dahidir, böyükdür. Asif Ata deyir ki, özünü tarixlə, cəmiyyətlə, gerçəkliklə müqayisə eləmə. Özünü Mütləqlə müqayisə elə. Mütləq nədir? Əzəli, Əbədi, Kamil, Sonsuz olan. Onda görəcəksən sən kimsən. Onda yenilməyəcəksən. Babək ona görə yenilmirdi. O, onu deməsə də, onun ağlına çatmışdı, içində Şirvin gəzdirirdi. Doğurdan da o, Mütləqə təndir. İndi, İnamlı, Bəzz Qalasına yürüş edənlər Babəki deyib gedirlər. Hamı bunu anlasa da, anlamasa da. Babəkə tapınırlar. İslama tapına bilmədilər. İrana tapına bilmədilər. Ayrı-ayrı qabağa çıxanlara, demokratik kimsələrə tapına bilmədilər. Tarixdəki Babəki pirim deyib tuturlar. Onlar üçün qaçılmaz olub ora gediş. Nə qədər tam olmasa da bu uğurdur.
Baxın, görün, Asif Ata insanı hara qaldırır, İnsan kimdir onun üçün?! Sənin gördüyün insan özündən ayrılıb, bəsitləşib, cılızlaşıb, biologiyaya çevrilib. Gerçəkliyə bərabər yaşayır. Budur, Amaldaşımız deyir ki, xalqa özümlüyündən danışıram qorxur? Nəylə böyüdəcəksən o xalqı ki, qorxmasın. Nisbi ideallarla böyüdə bilməyəcəksən. Nisbi ağılla böyüdə bilməyəcəksən. Mənim sevdiyim xalq sürüyə çevrilib. İnanmır özünə, şəxsiyyətinə, böyüyünə, gələcəyinə. Nəylə inandırım onu mən? Uydurmalarla inandıra bilmərəm. Özgə dəyərlər məni ayağımdan çəkib quyuya salır. Nəylə inandırım? Həqiqi idealı göstərməklə. Həqiqi idealı öz ömrümdə yaratmaqla göstərə bilərəm. Öz xalqımda yaratmaqla, insanımda yaratmaqla. Nə qədər çətindir, amma nə qədər ucadır, nə qədər fərəhlidir bu. Biz Asif Ataya səcdə qılırıq, çünki, burda (bayrağı göstərir- Ü.A.) yazılıb “İnsanlaşın – İnsanlaşdırın!”Asif Ata insanlığı təmsil edir. Çatıb o zirvəyə. Mən öyrəndim bunu. Mən bütün dinləri öyrənmişəm animizmdən bu günə qədər. Ən ibtidai dinlərdən tutmuş səmavi dinlərə qədər. Müqayisə elədim, gördüm ki, Asif Ata kimdir. Mənim özümə verdiyim ilk sual o oldu ki, Asif Ata məni hara çağırır? Ona yaramağamı çağırır, özüm olmağamı çağırır? Asif Ata məni ona yaramağa çağırsaydı, bu gün məni bu bayrağın altında çıxış edən görməyəcəkdiniz. Məni özümə çağırdı. İnsanlığa səcdə məsələsi yaradıb. İnsanlığa səcdəni mən mücərrəd edə bilmərəm ki. İnsanlığa səcdə qılıram, bu insanlıq hardadır? Atanın ömründə. Səndə. Səni ona qaldırmaq istəyirəm. Sənə səcdə qılmaq istəyirəm.“Heyrət ey büt, surətin gördükdə lal eylər məni” demək istəyirəm. Həq mənəm, həq məndədir demək istəyirəm. Səni sevəm, sənə tapınam, sənə güvənəm. Biləm ki, məni aldatmayacaqsan, biləm ki, dövlətimi satmayacaqsan, biləm ki, məni rəzil günə qoymayacaqsan. Onda sənə səcdə qılacam. Çünki sən mənaca alisən, böyüksən, sənə səcdə qılıb səni yüksəkliyə qaldıracam. Sənə qovuşmağa çalışacam. Səcdə məni sənə qaldırır. Xudbinlikdən ayırır, içimi xudbinlikdən təmizləyir. İnsana, insanlığa səcdədən qorxmuram. Qorxmağı doğru saymıram. Necə olur, bəşəriyyət heyvana səcdə qılır, totemizm dövründə nəyi özünə səcdəgah seçmədi, ilanı, qarğanı, qartalı, canavarı. Sənin baban türk boz qurdu özünə totem seçmişdi. Asif Ata deyir ki, canavara niyə səcdə qılırsan? O bir dövr idi, keçdi, arxada qaldı. İnsana səcdə qılmaq lazımdır. İnsana səcdə qıl ki, dünya düzəlsin.
Məkkəyə sürünmə, Azərbaycanı müqəddəsləşdir. Nə qədər ki, Azərbaycanı sevmirsən, torpağını öpmürsən, sənin vətənin tikə-tikə olacaq. Vətənin min yerə parçalanacaq. Vətəni nə qoruyur, ürək və idrak. Vətən o deməkdir. Vətən təkcə avtomatla qorunmur. Göstərin mənə müdafiə nazirinin sistemində vətənsevərlik mövzusunda söhbətləri. Vətəni çalan, çapan, vətəni sevəcək? Biz hər birimiz öz evimizdən bayıra çıxırıq, öz evimizdə tərbiyə alırıq. Gəlin görək, biz evimizdə hansı tərbiyəni alırıq? Bizə tərbiyə verən valideyinləri sevirik, bu öz yerində. Mənim valideynim mənə tərbiyə verib ki, qonşunun bostanına daş atma, oğurluq eləmə. Bunu dəfələrlə demişik, bu balaca şeydir. Günlərin bir günü, böyük ürəyin, böyük idrakın sahibi olmamısansa, öz bildiyini edəcəksən, cılızlıq mənasında. Valideyin mənə demir ki, sənin vətənin tikə-tikə doğranıb, insanlıq məhv olub. Get onun uğrunda mübarizə apar. İnsanlıq uğrunda mübarizəni bizə Asif Ata öyrətdi. Mənə anam-atam öyrətməyib. Bizim valideyinlərimiz özü bədbəxt duruma salınıb. Mənim valideynlərim bilmir axı, Azərbaycan nə deməkdir, vətən nə deməkdir. O deyir, əstəğfrullah Məkkənin adını tutma. Azərbaycanı nə qədər istəyirsən söyüm, dinməyəcək. Öz yurdumu söyüm, öz millətimi söyüm, təhqir edim dinmir. Niyə? Çünki ağlı xürafatın təsirindədir. Xurafat odur da, xurafat necə olur? Bütün bəşər başdan-başa xurafat içindədir. Din xurafatı, idman xurafatı, iqtisadiyyat xurafatı. Hamısı insana münasibətdə eyni şeydir. İdmanda insan kapital vasitəsinə çevrilir. Pul kimi istifadə edirlər ondan. Ancaq deyirlər ölkənin şərəfini ucaltdı. Nə deməkdir? Getdi filankəsin kürəyini yerə vurdu, ölkənin şərəfini ucaltdı? Ayıbdır belə şeylər. Hanı sənin idrak nəhənglərin? Sənin o idmanda qələbə çalanını göndər, gedib Vətən üçün döyüşməyəcək. Xurafatdır bu.
Musiqi xurafatı. Gör sənin gəncliyin nə günə qaldı. Heç birinin qulağından qulağa taxılanı çıxara bilmirsən. Tıxayıb ora, həqiqət-zad eşitmir. Məhv olub şüuru. Bu gəncin beynində mən nə əkim? Bu gənclər evimizin içindədir. Musiqi musiqi də deyil. Hamısı vəhşi ehtizaz. Canın-cəmdəyin hoppanması. Orada ruh yaranmır. Vəhşi ehtizaz məhv edir insanlığı. Cəhalətləşdirir, məhv eləyir, sürüləşdirir. İdarəetməmizə baxın. 3 ildən bir, dörd ildən bir pulluları seçirik başımıza ki, bizi yaxşı talayın. Seçdirirlər bizə özlərini. Get istənilən bir idarədə qapını döy, sənə eynəyin altından pula baxan kimi baxır. Bir az dirəşirsən, deyir get hara istəyirsən şikayət elə. İdarəetmə özü xurafatdır, sürüləşdirir, əsarətə götürür. Bəs necə çıxaq? Baxın, Asif Ata deyir, xurafat ruhdan başlayır. Ruhu xurafatlaşdıran nədir – din. Dinlərin təməl prinsipləri yalandır. Yeri-göyü yaradan Allah ideyası yalandır. “Hər şey sənin alnına yazılıb. O dünyada kef eləyəcəksən. Cəhənnəmdə səni boğacaqlar qan-irinlə”. Bunları sənin şüuruna yeridiblər. Bu eybəcərliyə pənah aparan adam necə kamilləşə bilər? Necə sənə sayğı duya bilər? Qapıdan çölə çıx, bir-birinə hörmət eləmir, çünki içində inam yoxdur. İnsanlığı içinə əkmək istəyən yoxdur. Bu ordan başlayır. Ruhu işğal olunur, milli ruhu məhv olunur. Sonra sənin vətənin işğal olunur, dövlətin işğal olunur. Ondan sonra nə qədər istəyirsən, get qeybətə başla. İstər kütləvi, istər dörd divar arasında. Mitinqlər qeybətdir. Mən ayrı-ayrı vətənini sevən adamlara sayğı duyuram, amma bu dediyim həqiqətdir. Mitinq qeybətdir. Hansı maarifçilik işi aparmısan insanların içində? Hansı həqiqəti söyləmisən? Qarnın uğrunda mübarizə lazım deyil, millət uğrunda mübarizə gərəkdir.
Hər yanda çığırırlar ki, din əldən getdi. Heç kim demir ki, millət əldən getdi. Din əldən getməyib, hamı namazını qılıb orucunu tutur da. Milli şüur əldən gedib. Bunun harayını kim çəkəcək, nə vaxt çəkəcək? Asif Ata çıxış yolunu çox qəti və aydın deyir. İnsanlaşın – İnsanlaşdırın. İnsanlaşma – millətləşmə, insanlaşma – dövlətləşmə, insanlaşma – bəşəriləşmə deməkdir. Daxilində özünə bərabər yaşamayan, səmimi olmayan, qüdrətli olmayan, şəxsiyyətli olmayan insanlar millət yarada bilməz. İndi o şəxsiyyətlər on iləmi yaranacaq, yüz iləmi yaranacaq, ona çalışmaq lazımdır. Kim yaradacaq – özüm. Nəylə yaradacam Asif Atayla. Bunu biz açıq deyirik, iddia ilə deyirik. Bunun arxasında duran fəlsəfəni təqdim edirik. Cəmiyyətin bütün təbəqələrinin hamısını sağlam polemikaya dəvət edirik. Biz onlara əsaslandırıb sübut edəcəyik ki, sənin cəmiyyətinin bəlaları nədir, nicatı nədir. Sübutumuzu da sofistcəsinə eləmirik, həqiqətcəsinə edirik. Asif Atanın altı ideyası bu istəkləri təmin edir. Asif Ata öldüyü günə qədər bunun uğrunda mübarizə aparıb. Çünki onun içində vətən sevgisi, millət sevgisi, bəşər sevgisi birləşmişdi.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER