Xaliq Bahadır, Mustafa Kamal Atatürk : “Tarixi yazmaq tarixi yaratmaq kimi önəmlidir.”

SERDAR                        Bahadır Xaliq              və                Sədar Cəlaloglu

                       Sərdar Cəlaloğlunun yeni tarix yaradıcılığı.

“Tarixi yazmaq tarixi yaratmaq kimi önəmlidir. Yazan tarixi yaradana bağlı qalmazsa, dəyişməz gerçək insanlığı çaşdırmaq olacaq. Tarix gerçəkləri yanıltan bir sənət deyil, tərsinə, onu açıb göstərən bilim alanı olmalıdır”.

Çağdaş dünyada tarix siyasəti ayrıca aktuallıq qazanıb. Bu gün, ermənilər başda olmaqla, gerçək tarixi olmayan bir sıra toplumlar özlərinə onları birəşdirib gələcəyə aparmağa yönəlik uydurma tarix düzəldirlər. Bir daha demək gərəkir: çağdaş dünyada geniş yayılmış bu görsənişin adı tarix siyasətidir. Bir çox toplumlar çox düzgün olaraq tarixə yalnız keçmişə bağlı, keçmişdə qalmış olaylar yığını olaraq baxmır, eləcə də böyük, uğurlu gələcəklərinin özülü olaraq dəyərləndirirlər.

Azərbaycana düşmən güclərin planı, yaxından yardımı ilə baş tutan 1993-cü il çevrilişindən sonra keçmişə-tarixə düşməncəsinə yanaşma siyasətlərinə üstünlük verildi. Bu yöndə başlanğıc olaraq H.Əliyev parlament tribunasından Doğu dünyasında ilk Demokratik Respublikanın qurucusunu – Məhəmməd Əmin Rəsulzadəni aşağılayan çıxışda bulundu: “Məmmədəmin kim olub?” Sonra o, Azərbaycan oğullarının Qarabağdakı uğurlu döyüşlərinin üstündən yekə bir cız çəkməklə, yenə parlament tribunasından bildirmişdi: “Bizim xalq vuruşmağı bacarmır”. Sonra o, bizim Türk adımızı əlimizdən aldı, üstümüzdən götürdü.

Rəsulzadə ilə bağlı gözdənsalma kampaniyasına Asif Ata o çağlar belə reaksiya vermişd: “… iqtidar onun (Rəsulzadənin – X.B.) böyüklüyünü azaldır, çünki iqtidar çox paxıl və qısqancdır: istəyir XX əsrdə bircə o qalsın” Asif Ata bu sözləri çox-çox illər öncə demişdi, indi bunu hamı görür, bilir.

Türk oğlu Türk Böyük Atatürk hakimiyətə gəldikdən az sonra özünün başladığı TARİX DEVRİMİ axarında Türk Tarixi Araşdırma qurumunu yaratmışdı. Yeddi yüz illik parlaq Osmanlı tarixinin yerinə o, yaşı min illəri keçən Türk Tarixi anlayışını qoymuşdu. Atatürk özünün Tarix Devriminin nədəni ilə bağlı demişdi: “Tariximizi bizə qarşı qaldırmışdılar. Tariximizi gerçəkliyi ilə ortaya qoymaq, Türklük, doğma Yurdla bağlı gerçək tarixi dünya ölçüsünə qaldırmaq – Türk Tarixi Devriminin başlıca görəvi bu idi”. Atatürk çox düzgün olaraq Osmanlını yaşı min illəri aşan böyük, ulu KÖKƏ bağladı – Türk kökünə! Bu, böyük kökdən, böyük birliyə aparan yoldur – böyük Atatürkün gözaltıladığı bu idi…

Bizdəsə 93-dən bu yana böyük kökdən uzaqlaşdırma siyasəti yürüdülməkdədir. Ardıcıllıqla yürüdülən bu siyasətin sonucları ortadadır: Türk ölkəsində ulusu parça-parça edən antitürk hakimiyyəti qurulub. Başqa bir yandan tariximizi boşaltma girişimləri, demək olar, qlobal xarakter alıb: indi yalnız ölkə içində deyil, ölkədən çox-çox uzaqlarda da tariximizi boşaltmağa yönəlik çalışmalar baş alıb gedir. Sapı özümüzdən olan bir çox baltalar bu gün amansızcasına tariximizə balta çalmaqdadır. Nizamini, Nəsimini, Füzulini, Şah İsmayılı, Mirzə Fətəlini, eləcə də Babəki, Koroğlunu bizə yad, bizə düşmən gözündə göstərməyə, tanıtmağa çalışanların sayı durmadan artmaqdadır. Ən pisi: belələrinin sırasına son illərdə Azərbaycan Demokrat partiyasının sədri Sərdar Cəlaloğlu da qatılıb.

Sərdar Cəlaloğlu demokratikliyi Sərdar Cəlaloğlu “Azərbaycan demokrat partiyası” adlanan bir siyasi qurumun başında durur. Əliyevçi rejimin demokratiya üzərinə yürüşü bütün dünyaya bəllidir. Ölkəni antidemokratik repressiya dalğası ağzına alıb. Uzun sürəli susqunluğundan göründüyü kimi, demokrat Cəlaloğlu bu repressiyalardan, demokratiyanın son işartılarının tutulub birc-bircə söndürülməyindən bütünlüklə soraqsızdır. Soraqsız olduğuna görə də o, demokratik çarpışma alanından çəkilərək tarixlə (özü də öz tariximizlə!) “haqq-hesab” çəkməyə girişib: tarixçi olmaya-olmaya.

Dempartiya lideri tarixçi olmasa da, tez-tez tarixə baş vurmağı çox xoşlayır. Düzünə qalsa, istənilən siyasətçinin tarixi bilməyi, öyrənməyi, tarixlə ilgilənməyi bəyəniləsi görsənişlərdəndir, ancaq bir qoşulla: tarixə saldırqan-aqressor-işğalçı kimi soxulmayasan. Sərdar Cəlaloğlu tarixə belə baş vurur, saldırqan sayağı soxulur. Buna görə onun tarixlə bağlı çıxışları demosda-xalqda acıq doğurur, S.Cəlaloğlunu isə dediyini danmağa gətirib çıxarır. Bu isə dempartiya liderinin tarixə antidemokratik yanaşmasından, tarixlə saldırqancasına davranmasından irəli gəlir.

Kimlərsə yazının bu yerini oxuyurkən mənim S.Cəlaloğlu ilə bağlı hansısa illüziyalara qapıldığımı düşünə bilər. Azacıq da elə deyil; mən Özgür-Demokratik Azərbaycan yolçusu olaraq S.Cəlaloğlu ilə 2013-cü il prezident seçkisində qurtarmışam. Bəlli olduğu kimi, Cəlaloğlu onda dempartiya adından prezidentliyə 10 adaydan biri idi. Debat dönəmində yalançı adaylar milli-mənəvi, demokratik-siyasi sınırları aşaraq hamılıqla müxalifətin gerçək adayı professor Cəmil Həsənlini təkləyib çıxdaş etməyə çalışırkən susqunluq sərgiləyən Sərdar Cəlaloğlu özünü topluma-ölkəyə artıqlamasilə tanıtmış oldu. O onda nə milli-mənəvi dəyərlərə arxa durdu, nə də demokratiya dəyərlərinə. Bitdi, qurtardı!

Siyasətçi üçün gündəmdən düşmək, unudulmaq ən azı karyeranın qorunması, avtoritetin saxlanması baxımından olduqca qorxulu görsənişdir. Azərbaycanda repressiya siyasətinin kəskinləşməsi üzündən son illər jurnalistikanın, siyasətin sınırları çox daralıb. Bu ağır çağlarda kimlərsə repressiya rejiminə dirəniş göstərərək çarpışmanı sürdürür, kimlərsə qaçmağa, kimlərsə susmağa… üz qoyur. İllərlə yaxşı qrantlar alıb kef çəkən tanınmış bir qəzet redaktorunun bu yaxınlarda bildirisi yayıldı: “Artıq normal jurnalistika ilə məşğul olmaq mümkün deyil. Bunun elə bir mənası da qalmayıb”. Komfort yaşayışa alışmış belələri üçün jurnalistika pullu-gəlirli çağlarında MƏNALI, sıxıntılı çağlarında MƏNASIZ olur! Yadınızdadır, bu adam illərlə televiziya ekranlarını tutuban bizə Həsən bəy Zərdabinin, Mirzə Cəlilin çətinlik içində keçən jurnalistika çalışmalarından danışardı….

Məhəmməd Əmin Rəsulzadə adını illərlə xalqla alver obyektinə çevirən bir sıra siyasət dəllaları, qondarma siyasi liderlər də beləcə, oxşar davranışlarda bulunurlar: kimi payını alıb qırağa çəkilir, kimi səsini içinə salıb susur, kimlərsə də siyasi susqunluqlarını tarixlə özümlü şahmat oyununa girişməklə kompensasiyaya çalışırlar. İndilikdə Cəlaloğlu belələrindəndir.

Sərdar Cəlaloğluya görə Füzuli

S.Cəlaloğlunun tarix üzərinə son ələşdiriləri Məhəmməd Füzuli, Koroğlu, Babəklə bağlıdır. Bir qəzetin yazdığına görə, Cəlaloğlu Füzulini “kafir” adlandırıb. Cəlaloğlu indiyədək bir neçə yol dediyini dandığı kimi, bunu da dandı. Öyrəncəlidir, olsun. Onun danmadıqlarının üzərində dayanaq. Cəlaloğlu Füzuli ilə bağlı buyurur: “Biz Füzulinin içindəki zəhərləri neçə yüz illərdir içirik”. Universitet illərində Füzulidən bizə Əli Fəhmi dərs deyib. “Leyli-Məcnun” poeması başda olmaqla Əli Fəhmi Füzulini əzbər bilirdi. Mən bütün universitet öyrənciləri arasında Füzulini yaxşı bilən beş-üç öyrəncidən biri olmuşam. Günlərin bir günü iş elə gətirib, indi də sağ olan o çağkı öyrətmənlərdən birilə aramızdakı çəkişmə nədənilə auditoriya qarşısında Füzulidən 45 dəqiqə qəzəl deyib, açıqlama vermişəm. Füzuli ilə bağlı illərlə anlamadığımı indi, Sərdar Cəlaloğlunu oxuyandan sonra anlamışam: sən demə, Füzuli bizə zəhər içirirmiş, bizsə bunu illərlə qanmamışıq. Bilikli adamın qadasın alım: gör adamı necə qandırır! Sən demə, Azərbaycanda böyük Füzuli vurğunu, Füzuli bilicisi Əli Fəhmi də Füzulini anlamırmış!

Sərdar Cəlaloğlu Füzulinin bizə 500 (beş yüz il!) zəhər içirdiyini deyir. Füzuli 500 il qabaq deyirdi:

Canı kim cananı üçün sevsə cananın sevər,/ Canı üçün kim ki, cananın sevər, canın sevər.

Bizim çağımızda belə, çağdaşımız kimi çağlayan bir dil, ustalıqla düzülüb-qoşulmuş söz sırası, ağır-sanballı anlam yükü, yüz illər sonra da parlaqlığını itirməyən poetik estetika – sən demə, bunlar hamısı… zəhərmiş! Təki zəhərimiz bu olsun, yalançı demokratlıq, qondarma demokratiya liderliyi olmasın!!!

Sərdar Cəlaloğluya görə Koroğlu

S.Cəlaloğluya görə, “Koroğlu Səfəvilərə qarşı mübarizə aparan türkmən-monqol mənşəli qrupun nümayəndəsi olub. Və dəhşətlisi budur ki, Koroğlunun Azərbaycan variantı olmayıb. Çünki Koroğlu dastanında olan hadisələrin hamısı Azərbaycan dövlətçiliyinə qarşıdır. Və mənim xalqıma qarşı vuruşan bir adamı gətirib mənə qəhrəman eləyiblər”. Cəlaloğlunun başlıca arqumentlərindən biri budur: “erməni variantında da Koroğlu Səfəvilərə qarşı mübarizə aparan hərəkat haqqında dastandır”.

Başdan başlayaq. Görəsən, tarixə DNK ilə, ölüyaran kimi girən S.Cəlaloğlu güzgüdə özünə baxırmı? Baxsaydı, bilərdi: o özü türkmən-monqol etnik kimliyini daşıyanlardandır. Cəlaloğlunun baxış bucağından yanaşsaq, biz bir çox tanınmışlarımızdan, o sıradan, Uzun Həsəndən, Cahanşah Həqiqidən, Qazi Bürhanəddindən, Həsənoğludan, Şah İsmayıl Səfəvinin özündən də “türkmən-monqol qrupundandır” deyə üz döndərməliyik. Eləcə də biz administrator-filosof R.Mehdiyevin dililə desək, “qarabağlı muzıkant” Üzeyir Hacıbəylinin “Koroğlu” operasından, qanımızı qaynadaraq hamımızı coşduran Koroğlu uvertürasından üz döndərməliyik. Yeri gəlmişkən, “Koroğlu” operasının librettosunu naxçıvanlı M.S.Ordubadi yazıb.

“Koroğlu” ortaq Türk dastanıdır. Başqa variantları bilmirəm, dastanın Azərbaycan variantında Koroğlu deyir: Mənəm bu yerlərdə bir dəli-doli,/ Gündoğandan ta günbatan mənzilim, – bu nə deməkdir? Bu, o çağlar sınır tanımayan ucsuz-bucaqsız Türk Dünyası deməkdir. Koroğlu o ucsuz-bucaqsız dünyanın dəli-doli alpı-qəhrəmanı idi. Koroğlu bütöv Türklüyün bütöv-ortaq alpı-qəhrəmanı olaraq “Koroğlu” dastanlarının baş obrazına çevrilmişdi, ancaq hərə onu özünə bir köynək yaxın etmək istəmişdi. Bu isə insan xarakteri üçün doğal bir görsənişdir. Koroğlunun Azərbaycana doğmalığını Koroğlu ilə bağlı Azərbaycan saz havalarından gözəl nə göstərə bilər?! Ermənilərdə “Koroğlu” dastanına gəlincə, yaranışından oğru-yalançı-saldırqan olaraq tanınan o toplum yeməklərimizdən musiqimizə, tariximizədək bizdən nələr oğurlamayıb?! Güllələtmək amacı ilə Üzeyir bəydən Stalinə, Beriyaya yüzlərlə məktub yollayan ermənilər onun “Arşın mal alan” komediyasını öz adlarına çıxmırdılarmı?! O çağlar Üzeyir bəyi öldürülməkdən M.C.Bağırovun dirənişi qurtarmışdı.

“Mənim xalqıma qarşı vuruşan adamı gətirib mənə qəhrəman eləyiblər”. Birincisi, bu belə deyil – Koroğlunun kimlərlə vuruşduğu Azərbaycan variantında açıq göstərilib: azğın feodallarla! Görünür, S.Cəlaloğlu azğın feodallığı dövlətçilik olaraq dəyərləndirdiyindən əliyevçi hakimiyyətdə at oynadan azğın feodalizmlə çarpışmadan geri çəkilib. İkinci, görəsən, S.Cəlaloğluya görə, Teymur-Toxtamış, Teymur-İldırım, Ağqoyunlu-Qaraqoyunlu, Ağqoyunlu-Məmlük (Misir), Uzun Həsən-Osmanlı, Şah İsmayıl-Sultan Səlim, Qacar-Osmanlı savaşlarında kim kimə qarşı vuruşurmuş? Biz qanı qanımızdan, canı canımızdan olan, dünyanı bölmək üstündə qarşı-qarşıya gəlib bir-birini qıran o qardaşlarımızdan-soydaşlarımızdan hansına üstünlük verib, hansını özümüzə daha doğma saymalıyıq? Tarixə hansısa qapı arasından baxmaqla özün qapı arasında qalarsan. Tarixə dünyanın özü kimi genişlikdən, dənizlərcə dərindən baxmaq gərəkdir – yalnız belədə tarixi, tarix olaylarını gərəyincə anlayıb- dəyərləndirmək olar!

Sərdar Cəlaloğluya görə Babək S.Cəlaloğluya görə, Babək qəhrəman olmayıb.

Onun adı da Babək deyil, Babokdur. Bu isə pakistanlı-puştun adıdır. Babəkin təriqəti də “xalis Azərbaycan türkünün təriqəti deyil. O təriqətdə farslar da, pakistanlılar da, hindistanlılar da olub. Həmin təriqətin 4-5 üsyanı olub. Onun birinə azərbaycanlılara Babək kimi təqdim edilən Babok başçılıq edib. Baboku ruslar qəsdən Azərbaycan tarixinin bir elementinə çeviriblər və islama qarşı vuruşan azərbaycanlı kimi təqdim ediblər. Azərbaycan türkcəsində Babok adında söz yoxdur. Babok puştu adıdır və bu adam özü heç vaxt Bəzz qalasından aşağı düşməyib. Babək-Babok heç bir dövlətin də başçısı olmayıb. O, Bəzz qlasından cəmi bir dəfə kənara çıxıb, onda da məğlub olub. Bəzz, Əlincə, Çənlibel kimi qalaların alınmazlığı da oradakı adamların qəhrəmanlığı ilə bağlı deyildi. Qalalar elə yerdə tikilib ki, o dövrdə onu tutmaq asan deyildi”. Qoy oxucu bu uzun alıntı-sayıqlamaya görə məni bağışlasın. Bu alıntı dempartiya liderinin siyasi-ideoloji, mənəvi-psixoloji portreti olaraq çox dəyərlidir.

Qısa kontrarqumentlər. Azərbaycan türkü Nəiminin yaratdığı Hürufilik təriqətində təriqətin genişlənmə-yayılma arealına-radiusuna uyğun olaraq başqaları da vardı. Bu, bütün genişçaplı təriqətlər üçün xarakterik görsənişdir. Mete (türk adı: Bahadır), Atilla (türk adı: Atilay), Tamerlan (türk adı: Teymur)… S.Cəlaloğluya görə, biz Çin-Avropa varıantına uyğun olaraq, adı dəyişdirilmiş bu kimi tanınmışlarımızı özümüzdən saymamalıyıq; Ruslar Almaniyadan gəlin gətirib çarlığa yüksəltdikləri Böyük Yekaterinanı (Sofya Avqusta Frederika) tarixlərinin, dövlətlərinin, dövlətçiliklərinin bir parçası sayırkən biz Babəki tariximizdən atmalıyıq; Fransızlar korsikalı Napoleonu ( korsikalılar fransız deyillər, özləri də italyan dilinin çizmantan, oltremantan dialektində danışırlar) tarixlərinin, dövlətlərinin, dövlətçiliklərinin bir parçası olaraq dəyərləndirirkən biz Babəki tariximizdən qovmalıyıq – Cəlaloğlu bizi buna çağırır.

Babəki ruslar Azərbaycan tarixinin bir elementinə çeviməyiblər, çevirə bilməzdilər – Babək özü ərəb saldırqanları ilə 22 illik savaşıyla bizə böyük tarix yaradıb. Babək sayı 150-300 min arasında 6 (altı!) xəlifə ordusunu darmadağın edib. Bunu ərəb tarixçiləri yazır. Ərəb tarixçiləri 22 ildə Babəkin öldürdüyü, ələ keçirdiyi ərəb komandanlarının adlarını da çəkirlər: Yəya ibn Moad, İsa ibn Məhəmməd ibn Əbdülxalid, Əhməd ibn Cüneyd, Züreyq ibn Əli ibn Sədəqə, Məhəmməd ibn Həmid ət-Tusi, İbrahim ibn əl-Leys. Sonda Babəki öz komandanlarından biri – İsmət əl-Kürdi satmışdı.

Babəki şaqqalatdıran, sonra da onu gözdən salmağa yönəlik “tarix” yazdıran xəlifə Mötəsim, ərəb tarixçilərinin özlərinin yazdıqlarına görə, rüşvətə-korrupsiyaya qurşanmış pozğun olub. Özünün, hakimiyyət komandasının kefi üçün onun durmadan artırdığı dözülməz vergi yükü, üstəlik, ələ keçirilən ölkələrdə ərəblərin etdikləri özbaşınalıqlar, çoxsaylı pozğunluq faktları böyük qalxımlara gətirib çıxarmışdı.

“Bu gün bizim düşmənimiz erməni-rus birliyidir” deyən, “onlar Azərbaycan dövlətçiliyinə qarşı vuruşan adamlar olublar” deyə Babəki, Koroğlunu tariximizdən çıxdaş yolu tutan S.Cəlaloğlu “yeni müstəqil dövlətin kodlaşdırma siyasətinin həyata keçirilməsini zəruru hesab edir”, ancaq erməni-rus birliyinin uzantısı olaraq dövləti, dövlətçiliyi içindən dağıdan bəlli bir gücə göz yumur. Görünür, elə bu yerdə onun Babəklə, Koroğlu ilə yolu ayrılır. Elə bu yerdə də S.Cəlaloğlunun gerçək Azərbaycan müxalifəti ilə yolu ayrılır!

S.Cəlaloğlu özünün ayrıca kodlaşdırma siyasətinə uyğun olaraq, istəmədiyi fiqurları dışlayandan sonra tarixlə şahmat oynamaq istəyir. Tarixlə şahmat oynamaq istəyi, üstəlik, sərdarsayağı şahmat oynamaq istəyi, qarantiyalı uğursuzluq deməkdir.

Yazını Böyük Atatürkün tarixlə bağlı sözlərilə bitirirəm: “Tarixi yazmaq tarixi yaratmaq kimi önəmlidir. Yazan tarixi yaradana bağlı qalmazsa, dəyişməz gerçək insanlığı çaşdırmaq olacaq. Tarix gerçəkləri yanıltan bir sənət deyil, tərsinə, onu açıb göstərən bilim alanı olmalıdır”.

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER