Firudin Cəlilov: “Qarabağ şikəstəsi oxumaqla Qarabağ qayıtmaz axı, qadan alım”

“QARABAĞ DANIŞIQLARINDA İRƏVAN MƏSƏLƏSİ MASANIN ÜSTÜNDƏ OLMALIDIR”

Firudin Cəlilov: “Qarabağ şikəstəsi oxumaqla Qarabağ qayıtmaz axı, qadan alım”
“Torpaqlarımızın taleyini Minsk Qrupuna həvalə etmək olmaz”

“Xızı Vedibasar dağlarını mənə xatırlatdığı üçün ora köçmüşəm. O dağlarla, meşələrlə nəfəs aldığım üçün özümü orda hiss edirəm. Quş quşdur, onun da yuvasını uçuranda dəli kimi olur. İnsan da dünyada bir dəfə yaşayır, o, doğulduğu torpağında nəfəs almayanda öz ömrünü yarımçıq yaşayır”. Bu sözlər “Deportasiya Qurbanları Mərkəzi”nin İdarə Heyətinin üzvü, əslən Vedibasar mahalından olan professor Firudin Cəlilova məxsusdur. Görkəmli ziyalımızla Qərbi Azərbaycandakı yurd yerlərimizin taleyi, Qarabağ məsələsinin həlli yollarından danışdıq:

– Mən Qərbi Azərbaycan deyimini əvvəldən bəyənməmişəm. Çünki Qərbi Azərbaycan bir elmi termin kimi Güneydə konkret məkan bildirir, Urmiya gölünün qərbinə Qərbi Azərbaycan deyirdilər. Quzeydə də Qazax bölgəsi nəzərdə tutulurdu. Bizə həmişə irəvanlı deyirdilər. Etiraz etməsəniz mən də bu termindən istifadə edərdim.

– Buyurun.

– Ümumiyyətlə, irəvanlıların taleyi çox acınacaqlı olub. Çünki bir əsr boyu onlar ordan deportasiya olunublar. 1905-ci ildən başlayaraq erməni-azərbaycanlı müharibələri gedib, 1918-ci, 30-cu illərdə köçüb gələnlər çox olub və ən nəhayət, 1989-cu ilin 4-5 dekabrında artıq bu proses yekunlaşdı, ermənilər təmizləmə apardılar. Dəhşətlisi də o idi ki, biz o vaxt köçüb gələnləri Qarabağda yerləşdirmək istəyirdik, bəzilərini də yerləşdirmişdik. Amma çox təəssüf ki, iqtidar bizi düz başa düşmədi, onları təzədən ordan çıxartdılar. Biz Şuşaya, Malıbəyliyə neçə ailə göndərmişdik. Ümumiyyətlə, qarabağlılarla irəvanlıların taleyində cəhətlər çoxdur. Düzdür, birinə köçkünlər, digərinə qaçqınlar deyirlər, amma tale eynidir: hər ikisi yerindən, yurdundan, dədə-baba torpaqlarından ayrı düşüblər, heç biri gedib ata-anasının qəbrini ziyarət edə bilmir.
Bu mənada Qarabağ ağrısı bizim üçün bir köynək daha yaxındır. Biz irəvanlı ziyalılar olaraq yığışıb deportasiya olunanların mərkəzini yaratdıq ki, heç olmasa onların problemlərini gündəmə gətirək. Vaxtaşırı da toplaşıb tədbirlər keçiririk. Elə bəyanatlarımıza baxsanız görərsiniz ki, orda əksər vaxtlarda bir bənd Qarabağ qaçqınları ilə bağlı olub, çünki problemlər eynidir. Çox təəssüf ki, biz İrəvan torpaqlarını itirdik. Özü də hələ sovet hakimiyyəti qurulan illərdən daha çox rəsmi şəkildə itirə-itirə gəldik. Məmməd Əmingilin qurduğu dövlətin və Sovet Azərbaycanının xəritəsinə baxanda görürük ki, Zəngəzur, Vedibasar, Göyçə, hətta 50-60-cı illərdə Qazaxdan da kəndlər verilib. Bu mənada həm Qarabağ, həm də İrəvan bölgəsinin əhalisinin taleyində bir yaxınlıq var, bunları bir-birindən ayırmaq düz deyil. Ona görə də mən bir şəxs olaraq Qarabağ problemi başlayan gündən o hadisələrin mətbəxində olmuşam. Hələ 1986-cı illərdən biz bu işlə məşğul idik, çünki bilirdik ki, Rusiyadan göndərilmiş emissarlar Qarabağda təbliğat aparırlar.
O vaxt biz gizli təşkilat “Varlıq”ı yaratdıq ki, heç olmasa qarabağlıların deportasiyasının qarşısını ala bilək. Elə ki, Qarabağda separatçılıq hərəkatı rəsmiləşməyə başladı, biz yenə də 5-6 ziyalı yığışıb Qarabağa Xalq Yardımı adında bir təşkilat qurduq. Mən də onun İdarə Heyətinin üzvü idim, həmçinin rəhmətlik Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Aydın Məmmədov, Cümşüd Nuriyev, Sabir Rüstəmxanlı və başqaları da bu qurumdaydı. Sonra ilk demokratik qəzet “Azərbaycan”ı da həmin təşkilat buraxdı. Demək istəyirəm ki, Qarabağ problemi həmişə bizim içimizdə olub. Allahın Topxanası ilə bağlı mitinqlərdə milyonlar meydana yığışırdı. Həmin günlərdə də İrəvandan deportasiyalar həddindən artıq güclənmişdi, deportasiya olunanlar elə birbaşa meydana gəlirdilər. Biz Qarabağ Komitəsini yaratdıq, rəhmətlik Bayram Bayramov (xalq yazıçısı, komitənin rəhbəri – E.P.) o vaxt heç Bakıda deyildi, xaricdə idi. Mənim təklifimlə onu sədr seçdik. Bunu ona görə xatırladıram ki, Qarabağ problemi bir şəxs, bir ziyalı olaraq həmişə məni ağrıdıb və bu gün daha çox ağrıdır. Mən bu problemi bildiyim və zaman-zaman həllinin mümkün olduğunu gördüyüm üçün daha çox ağrımışam. Bu 25 ildə neçə iqtidar dəyişsə də, hər iqtidarın dövründə Qarabağın qaytarmağın bir yolu mümkün olub. Həmişə təəssüf edirəm ki, o yolu biz yetkililərə başa sala bilmirdik, deyirdik, amma eşitmirdilər. Bu gün Qarabağ hər gün bizdən bir addım uzaqlaşır. 20 ili hesablayın, görəcəksiniz ki, Qarabağ bizdən nə qədər uzaqlaşıb.

– Sizin təklif etdiyiniz hansı yol idi və bundan sonra keçərli deyil?

– İldən-ilə vəziyyət elə çətinləşir ki, Qarabağın qaytarılması həddən artıq müşkülə çevrilir. 1988-ci ildə bunun bir yolu var idi ki, Ermənistandan deportasiya olunanları Qarabağda yerləşdirmək lazımdır. Ovaxtkı dövlət başçısı ilə dəfələrlə mənim söhbətim olub. Özü də tək söhbət etməmişəm, meydandan başıma yığıb apardığım insanlar olub – Sabir Rüstəmxanlı, rəhmətlik Tağı Xalisbəyli, Nurəddin Mehdixanlı, İsa Qəmbər idi. Deyirdik ki, imkan verin bu insanları Qarabağda yerləşdirək. İmkan vermədilər. Sonrakı dönəmdə OMON-çuların hərəkatını gücləndirmək, yəni onlara imkan vermək lazım idi ki, separatçıların 5-10 nəfər başçısını tutub dama bassınlar, məsələ həllini tapsın. Bu da olmadı. Sonra biz hakimiyyətdə olan qısa dövrdə artıq məsələ müharibə yolu ilə həll olunurdu, bizim ordu lap gedib Xankəndinə yaxınlaşmışdı. Mütəllibovun vaxtında ruslarla sövdələşmə getmişdi, kömək də edirdilər, Çaykənd, “Şaumyan” (Gülüstan) kimi kəndlər boşaldılmışdı. Orda da xalq hərəkatında olanların uzaqgörənliyi olmadığı üçün səhvlər oldu. Yəni imkan verilmədi ki, o üsuldan tam istifadə edilsin. Rus ordusunda zabitlərin pulla ələ alınması prosesi gedirdi, işlər də yaxşı gedirdi. Bu dönəmdə mənim dostlarımın günahı oldu. Sonralar görünür gizli danışıqlar oldu, atəşkəs haqqında protokol imzalandı. Adı atəşkəs sənədidir, amma görün o gündən indiyədək nə qədər əsgərimiz həlak olub. Biz iki-üç il müharibə etsək, o qədər sayda əsgər itirməzdik. Mən hesab edirəm ki, bizim iqtidar və müxalifət qəzetlərində ən böyük yanlışlıq odur ki, ermənilərin acından öldüyü, İrəvandakıların çox rəzil vəziyyətdə yaşadıqlarını yazır. Mən hərdən Ermənistan telekanallarına baxıram, əslində onlar kef-damaq içindədirlər. Elə Qarabağda da tikinti işləri aparır, yollar salırlar. Əks təbliğat aparmaqla guya bizdə bir ümid yaradırlar ki, bu gedişlə Qarabağ məsələsi öz-özünə həll olunacaq.

– Siz müharibə variantını birdəfəlik istisna edirsiniz, yoxsa…

– Müharibə etmək üçün müharibəyə hazır olmaq lazımdır. Mən o hazırlığın səviyyəsini görmürəm. Biz silah alırıq, düşmən də alır. Onların hələ başqa üstünlükləri də var ki, orda rus ordusu var. Qarabağ məsələsinin həlli gün-gündən müşkülə çevrilir, çətinləşir. 2001-ci ildən bəri parlamentdə Qarabağ məsələsi qoyulmayıb. 1995-ci ilədək biz hər dəfə bu müzakirələri keçirirdik. Parlamentdə heç Qarabağ komissiyası yoxdur. Bu, Qarabağa münasibəti göstərir. Mən bunları ürək ağrısı ilə, yana-yana deyirəm. Mən insanları kateqoriyalara bölmürəm, hamısı mənim üçün əzizdir, yurddaşımdır. Amma Qarabağa bu münasibəti görəndə əlbəttə insanda bir qırıqlıq yaranır. Məndə o, daha çox yaranır. Çünki ortalıqda həm İrəvan deportasiyası var, həm də Qarabağ məsələsi başlayan gündən problemin içində olmuşam, daha çox o ağrı-acı ilə yaşamışam.

– Bir ümid işığı var ki, ötən əsrlərdə dəfələrlə cəhdlər olsa da, Qarabağı Azərbaycandan almaq mümkün olmayıbsa, bu dəfə də erməni arzusuna çatmayacaq. Siz necə hesab edirsiniz, Qarabağı İrəvanın, Zəngəzurun taleyi gözləyirmi, yoxsa…

– Əslində Zəngəzurla Qarabağın nə fərqi var? Zəngəzur 70-80 ildir əlimizdən çıxıb, Qarabağ 20 il. Belə getsə, işğalın tarixi uzanacaq. Ancaq dünyada mümkün olmayan şey yoxdur. Əlbəttə hamımız ürəyimizdə deyirik ki, Qarabağı qaytaracağıq. Qarabağ bayatısı, Qarabağ şikəstəsi oxumaqla Qarabağ qayıtmaz axı, qadan alım. Qarabağ məsələsi ciddi məsələsidir, tək ermənilərin məsələsi deyil, bu, geosiyasi məsələdir. Bu işlə ciddi adamlar məşğul olmalıdır. Qarabağın taleyini Minsk Qrupuna həvalə etmək olmaz. Bu, quzunu qurda tapşırmağa bənzəyir. Amma təbii ki, bir ziyalı olaraq məndə Qarabağın mütləq qayıdacağına inam var. Dediyim çatışmazlıqlar aradan qalxdıqca, məsələlər həll olunduqca əlbəttə, biz Qarabağı qaytara bilərik.

– Ermənilər hətta Azərbaycanı məhkəmə iddiaları ilə təhdid edirlər. Deportasiya Mərkəzi bunun qarşılığında hansı işlər görür?

– Bizim daşımız bir az ağırdır. Biz adicə bir söz işlətmişdik ki, İrəvandan deportasiya olunanların sənədləri ortalıqda yoxdur. Bu sözümüzə görə nə qədər ajiotaj yaratdılar. Bu mənada irəvanlıların məsələləri həddindən artıq qəlizdir. Amma bu günlərdə Deportasiya Mərkəzinin deportasiyanın ildönümü ilə bağlı bir toplantısını keçirməyi və aktual məsələləri gündəmə gətirməyi, aktual məsələləri gündəmə gətirməyi planlaşdırırıq.

– Tarixi torpaqlarımızda mülkləri qalanların davamlı şəkildə beynəlxalq məhkəmələrə müraciət etməsinə necə baxırsınız?

– Biz bu məsələləri dəfələrlə qaldırmışıq. Bizim verdiyimiz bəyanatlar, qaldırdığımız məsələlərə bəzən ciddi reaksiyalar da olur. Məsələn, irəvanlılara pasport verəndə doğulduqları kəndin adı yazılmırdı. Biz bu məsələni ciddi qoyduq, çünki tarixin izini itirmək demək idi. Artıq pasport veriləndə bu qüsur düzəldilir. Mülkiyyət hüquqları ilə bağlı da sənədlər hazırlandı, xarici dövlətlərə göndərildi, xarici diplomatlarla hər görüşdə bunu gündəmə gətiririk. Amma bizim ictimai təşkilat olaraq geniş imkanlarımız yoxdur. Bu işləri daha ciddi şəkildə qoymaq, BMT, Avropa Şurasına, Avropa Məhkəməsinə daşımaq üçün geniş imkanlar olmalıdır.

– Bir çox hallarda təkliflər olub ki, Azərbaycanın indi Ermənistan adlanan ölkənin ərazisindəki tarixi torpaqlarının məsələsi Qarabağ danışıqlarında gündəmə gətirilməli, deportasiya olunan 200 min nəfərin qayıdışı müzakirə mövzusu olmalıdır. Bunu real sayırsınız?

– Bu məsələni ilk dəfə biz qaldırmışıq və dəfələrlə ona görə başımız ağrıyıb. Qarabağ danışıqlarında İrəvan məsələsi masanın üstündə olmalıdır. O vaxt Mircəfər Bağırov ağıllı iş gördü. Onun vaxtında da ermənilər Qarabağı istəyirdi, Moskvaya yazmışdılar. Stalin də o məktubu Bağırovun üstünə göndərmişdi. Bağırov demişdi Qarabağı ermənilərə verirəm, amma bu şərtlə ki, İrəvana qədər olan ərazilər – Vedibasar, Göyçə, Zəngəzur da Azərbaycana verilməlidir, çünki ora Azərbaycan əraziləridir. Demişdi gəlin dəyişək, Qarabağı verək, Ermənistan da o torpaqları bizə qaytarsın. O torpaqlar həcminə görə Dağlıq Qarabağdan on dəfə çoxdur. Ermənilər onunla da susdular. Çünki Bağırov Qarabağ məsələsində İrəvan kartını ortalığa qoydu. Amma indi bu məsələdən heç olmasa danışıqlarda ortalığa qoyulmalıdır.
Dəyərli ziyalımız sonda ürək sözlərini bölüşdü: “Düzdür, mən nisgilli danışdım. Amma Qarabağla bağlı bir az nikbin olmalıyıq. Yəni bu ümidlərimizin, arzularımızın gerçəkləşməsi yollarını axtarmalıyıq. Qarabağ mütləq qayıdacaq. Amma onun qayıtmasının yeganə real yolunu mən Təbrizdə görürəm. İnşallah, Təbrizdə Güney Azərbaycanın azadlıq bayrağı qalxan gün Qarabağ məsələsi də həll olunacaq. Yəni Qarabağ məsələsinin həlli Təbrizdən keçir. Qarabağ 50 milyonluq Azərbaycan türkünün torpağıdır, təkcə Quzeyin deyil. Bu dəfə ciddi müharibə başlasa, elə o güneyli soydaşlarımız əlində ağac Arazı keçib məsələni həll edəcəklər”.

Elşad PAŞASOY

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER