QARABAĞ ÜÇÜN ƏDALƏT HARAYI BEYNƏLXALQ TƏBLİĞAT MƏKANINDA

Azərbaycanın qeyri-hökumət təşkilatları həqiqətlərimizin dünyaya yayılmasında hansı rolu oynayır?

24 may, 2010-cu il. ABŞ-ın Kaliforniya ştatı. Erməni vəhşiliyindən bəhs edən, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun hazırladığı sənədli film nümayiş etdirilir. Filmin qəhrəmanı isə doğum günündə ata-anası öldürülən bir qızdır. O, zavallı qız “mən bu yaşa çatmışam, hələ özümə doğum günü keçirməmişəm, çünki doğum günüm eyni zamanda mənim faciə günümdür” deyəndə əcnəbilərin çoxluq təşkil etdiyi bütün zal göz yaşı içində boğulur…

Erməni vəhşiliyi barədə təsəvvürlərin aşılanması, həqiqətlərimizin dünyaya yayılması üçün, təbii ki, bu, yeganə fakt deyil. Qarabağ həqiqətlərinin dünyaya yayılmasında hər kəs, hər təşkilat öz töhfəsini verməlidir, o cümlədən də vətəndaş cəmiyyətinin təmsilçiləri. Şübhəsiz ki, erməni yalanlarının qarşısının alınması həqiqətlərimizin daha çox yayılmasından keçir.

Milli maraqların ölkə xaricində qorunması üçün ABŞ, Almaniya, Norveç, Fransa, İsveç, Yaponiyanın təcrübəsi var. Belə ki, bu ölkələrdə Beynəlxalq İnkişaf Agentlikləri vasitəsilə xaricdəki layihələrə dəstək verilir. Müstəqil Azərbaycan dövləti də artıq bu istiqamətdə addımlarını atır.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2012-ci ildə “Milli maraqların müdafiəsi” istiqaməti üzrə 33 layihəyə 176.000 manat, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanda və xarici ölkələrdə tədbirlərin təşkili ilə bağlı – 17 layihəyə isə 85.500 manat vəsait ayrılıb. Vəsait QHT-ləri qane etməsə də, müxtəlif xarici ölkələrdə, həmçinin Belçika, Türkiyə, ABŞ, Hollandiyada 7 layihə həyata keçirilib, 5 sayt hazırlanıb. Bu sırada Azəri-Türk Qadınlar Birliyinin “Faciələrimiz: soyqırımlar. Ölkədən xaricdə Azərbaycan həqiqətlərinin təbliği ilə bağlı tədbirin keçirilməsi”, “Fəzilət” Xeyriyyə İctimai Birliyinin “Ermənilər və həqiqətlər” kitabının nəşri və xarici dilə tərcüməsi, Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyi “Dağlıq Qarabağ mövzusu ilə bağlı ermənilərin dünyaya yaydığı yalanların ifşa edilməsi”, İnsan Hüquqları üzrə Monitorinq və Maarifləndirmə Mərkəzinin “Dağlıq Qarabağ münaqişəsində erməni təbliğatı ilə mübarizədə İKT-nin tətbiqi və əks-təbliğatın təşkili” kimi layihələrini xatırlatmaq olar. Habelə Milli QHT Forumu və Humanitar Tədqiqatlar Cəmiyyəti “Qarabağ həqiqətlərinin yerli və beynəlxalq QHT-lər vasitəsilə dünya ictimaiyyətinə çatdırılması” layihəsi çərçivəsində tədbir keçirib. QHT-lərin 2 may 2012-ci il tarixli toplantısında “Şuşaya azadlıq!” beynəlxalq kampaniyasına start verilməsi, Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkədə fəaliyyət göstərən QHT-lər üzrə müəyyən koordinasiyanın yaradılması da təqdirolunandır.
Ancaq hesab olunur ki, işğalçı tərəflə bütün cəbhələrdə davam edən bu böyük savaşda görülən işlər yetərli deyil.
Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyir ki, Azərbaycanın milli maraqlarını müdafiə edən QHT-lərin fəaliyyəti həmişə dəyərləndirilir. Lakin təəssüf ki, dövlətin və millətin maraqlarının əleyhinə fəaliyyət göstərən QHT-lər də var: “Bunlar bir qayda olaraq beynəlxalq donorlardan maliyyələşir. Düzdür, bunların hamısı anti-Azərbaycan fəaliyyətli deyil, amma o QHT-lərin sırasında belələri də var. Bunlar hətta beynəlxalq erməni fondlarından belə maliyyələşir, anti-Azərbaycan qüvvələrin əlində Azərbaycana təsir etməkdə rıçaq kimi istifadə olunur”. Dövlət rəsmisi Azərbaycanın milli maraqlarının qorunmasında QHT faktorunu çox mühüm saydığını vurğulayır: “QHT-lər, mətbuat orqanları, dövlət və hökumətə bağlı olmayan qurumların beynəlxalq aləmdə təqdimatları bir qayda olaraq daha çox maraq kəsb edir, ictimai diqqət cəlb edir, nəinki dövlət və rəsmi qurumların”. Lakin cənab Həsənov QHT-lərin Qarabağ fəaliyyətindən elə də razı deyil: “Təəssüf ki, QHT-lərimiz Qarabağ məsələsi ilə bağlı önəmli bir rol oynamır, beynəlxalq aləmdə də çox zəif təqdimatlar aparırlar. Bu gün Qarabağ məsələsi ilə ən çox məşğul olan dövlət, onun qurumlarıdır”. PA rəsmisi QHT-lərin passivliyini maliyyə azlığı ilə əlaqələndirmir: “Bu təşkilatlar Qarabağ məsələsi ilə bağlı QHT-lərə Dövlət Dəstəyi Şurasına layihələr təqdim etsələr, mən əminəm ki, onlara dəstək veriləcək. Dövlət belə layihələrə hər zaman dəstək verməyə hazırdır”.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev də Şuranın milli maraqlarımızla bağlı layihələri dəstəkləyib maliyyələşdirməyə, onun effektivliyini təmin etməyə tam hazır olduğunu deyir: “Təəssüflər olsun ki, bir çox ölkələrin ictimaiyyətində Azərbaycanla bağlı doğru-dürüst məlumat yoxdur. Bu məlumatı bizim səfirlik və yaxud da orada fəaliyyət göstərən diaspora verəndə bunun effekti böyük olmur. Məhz həmin ölkənin vətəndaşlarından ibarət QHT-lər bu reallığı, gerçəkliyi, Azərbaycanla bağlı həqiqəti yerli ictimaiyyətə çatdıranda, onun daha böyük təsiri olur. Kifayət qədər imkanlarımız var ki, ölkəmizin milli maraqlarına xidmət edən layihələrə dəstək verək”. Şura sədri xatırladır ki, bu ilin mayında ölkə başçısının Şuranın əsasnaməsinə etdiyi dəyişikliyə əsasən artıq qurum bundan sonra xaricdə fəaliyyət göstərən QHT-lərin də layihələrinə maliyyə ayırmaq səlahiyyəti qazanıb. Artıq bununla bağlı hüquqi baza var və real iş görmək üçün gərək maliyyə bazası kifayət qədər olsun.
Mütəxəssislər hesab edir ki, yerli QHT-lər beynəlxalq əlaqələrinin genişləndirilməsinə diqqət verməli, eyni zamanda QHT-lərimiz məhz beynəlxalq QHT koalisiyaları ilə yaxından işləməlidirlər. Çünki bu, Azərbaycan həqiqətlərini çatdırmaq, ölkəmizin maraqlarının müdafiəsi üçün bir tribuna qazanmaq deməkdir. A.Quliyev bu fikirlərlə razılaşaraq deyir ki, Azərbaycan QHT-lərinin beynəlxalq təşkilatlarda fəaliyyət göstərmək, müəyyən status almaq imkanı var. Ancaq təəssüf ki, Azərbaycandan BMT-nin İqtisadi və Sosial Şurasında (ECOSOC) cəmi 5 QHT bu statusu qazanıb.
2007-ci ildən ECOSOC-un xüsusi məşvərətçi statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu da beynəlxalq qurumlarla əlaqələrə xüsusi önəm verilməsini zəruri sayır. Elə bu əməkdaşlığın nəticəsidir ki, BAMF sədri İsveçrənin Cenevrə şəhərində keçirilən BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) Yüksək Səviyyəli Toplantısında Qarabağ münaqişəsi, bu problemin ölkəmizə, o cümlədən Azərbaycanın təhsil sisteminə vurduğu ağır zərbənin nəticələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğunu vurğulayan BAMF sədri çıxışının sonunda “Konfliktlərin həll edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına, məktəblərinə qayıtmaları üçün səsinizi qaldırın”, – deyə ECOSOC-a səslənib.
QHT-lərin normal fəaliyyəti üçün hüquqi baza kifayət qədərdir. Ancaq Milli Məclisin sədr müavini Bahar Muradova hesab edir ki, milli QHT-lərimizin əksəriyyəti imkanlarından çox-çox aşağı səviyyədə işləyir. Vitse-spiker deyir ki, yerli QHT-lər Azərbaycanın dövlət maraqlarına xidmət edən məsələlərdə mütləq dövlətin yürütdüyü siyasətə dəstəyini artırmalıdır. İctimai sektorun nümayəndələri burada siyasi partiyalardan daha fəal iştirak edə bilərlər və etməlidirlər, bu da onların bir vətəndaş borcudur. Xarici İşlər Nazirliyində də milli maraqlarımız naminə QHT-lərə hər cür dəstək verməyə hazırdır. Qurumun mətbuat katibi Elman Abdullayev bu qənaətdədir ki, vətəndaş cəmiyyətinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında rolu çox böyük və daha effektiv ola bilər. Diplomat hesab edir ki, xüsusilə münaqişənin birbaşa qurbanlarından, bu günədək işğaldan əziyyət çəkən, hüquqları pozulanlardan təşkil olunan QHT-lər var ki, faciə mesajlarının dünyaya çatdırılmasında onlar daha ciddi rol oynaya bilər və buna da informasiyanın birinci əldən alınması deyirlir. XİN təmsilçisi deyir ki, həqiqətlər hər bir qrupun öz şəxsi hekayəsi şəklində də dünyaya yayılmalıdır. O, “Xocalıya ədalət” kampaniyası çərçivəsində aparılan işlərin çox effektiv olduğunu və bu işlərin ABŞ, Avropa, Cənub-Şərqi Asiya, hətta Afrikada çox effektli nəticələr verdiyini, yaxud erməni prezident Sərkisyanın Paris səfərinə çoxminli aksiya ilə etiraz sərgilənməsini də vətəndaş cəmiyyəti təmsilçilərin mühüm rol oynadığını vurğulayır.
Ötən illərdə bəzi yerli QHT-lər Azərbaycanın işğala məruz qalması, 31 Mart, Xocalı soyqırımı və digər məsələlərlə bağlı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün müəyyən tədbirlər keçirib. Ancaq Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyir ki, maliyyə məhdudiyyəti daha geniş fəaliyyətə imkan yaratmır: “Azərbaycanda akkreditə olunan beynəlxalq fondlar əsasən mədəni tədbirləri və proqramları maliyyələşdirir. Ancaq 31 mart və Xocalı soyqırımı, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində maraqlı olmur. Çünki onlar öz mandatına uyğun fəaliyyət göstərdiyi üçün belə layihələri maliyyələşdirə bilmir. Bu mənada milli QHT-lər əsasən milli donorlara üz tutur. Əgər dəstək daha çox olarsa, geniş imkanlar yaradılarsa, bundan sonrakı illərdə QHT-lər müvafiq qurumlarla birgə daha böyük tədbirlər keçirə bilərlər”.
Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun rəhbəri, deputat Qənirə Paşayeva razılaşır ki, xarici ölkələrin QHT-ləri erməni işğalı, qaçqın-köçkün məsələmiz, Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirərsə, bu, daha çox effekt verər. Eyni zamanda bizim media ilə işləyən QHT-lərimiz xarici ölkələrdəki QHT-lərlə birgə fəaliyyətini genişləndirsə, o halda xaricdəki mediaya çıxış imkanlarımız daha çox artar. Q.Paşayeva deyir ki, onun rəhbərlik etdiyi təşkilat Türkiyə, Gürcüstan, ABŞ-da müxtəlif layihələr həyata keçirir, bu ölkələrin vətəndaş cəmiyyəti ilə əlaqələr qurur.
Həqiqətlərimizin yayılmasında Türkiyə və Azərbaycan QHT-lərinin koordinasiyalı fəaliyyət göstərməsi, iki qardaş ölkənin hökumətləri, diasporu kimi, vətəndaş cəmiyyətinin də birgə səyləri milli maraqlarımızın qorunması baxımından böyük uğurlar qazandıra bilər. Mərkəzi qərargahı Ankarada olan Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin başqanı Hikmət Eran da bu fikri təsdiqləyərək deyir ki, hazırda bu işbirliyi yetərli sayıla bilməz: “Türkiyədə 70 min civarında QHT var, onların azı 50 faizi real olaraq çalışır və aktiv fəaliyyətdədir. Onların da gücündən yararlanmaq, iki qardaş ölkənin gücünü birləşdirmək lazımdır. Biz Azərbaycandakı bəzi QHT-lərlə işbirliyi protokolları imzalamışıq. Qarşıdakı günlərdə Türkiyədə Xocalı ilə əlaqədar hazırlanmış kitabın təqdimatı olacaq. Həmçinin yanvar ayında Hollandiya parlamentində Dağlıq Qarabağ məsələsi və Güney Qafqazın təhlükəsizlik məsələsi ilə əlaqədar tədbir keçiriləcək. Hələ də erməni vəhşilikləri, Azərbaycan torpaqlarının işğalı, dinc sakinlərin, uşaqların qətlə yetirilməsindən xəbərsiz olanlara haqq səsimizi duyurmağımız gərəkdir”.
Diasporla İş üzrə Dövlət Komitəsi də QHT-lərin fəaliyyətinə, onlarla əməkdaşlığa önəm verdiyini bəyan edir. Qurumdan bildirirlər ki, bu ilin mayında Almaniyanın Maqdeburq şəhərində Dövlət Komitəsinin, Almaniyadakı səfirliyimizin və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin dəstəyi ilə Şuşanın işğalının 20-ci ildönümünə həsr olunmuş böyük tədbir, həmçinin səfirliyimizlə Berlindəki Azərbaycan Evi və Azərbaycanlıların Almaniyadakı Koordinasiya Mərkəzinin (AAKM) birgə təşkilatçılığı ilə “Şuşa – ağrılar şəhəri” adlı anım gecəsi çoxsaylı əcnəbilərin iştirakı ilə keçirilib. Bu il sentyabrın 18-də Parisdə Ermənistanın Fransadakı Səfirliyi qarşısında Almaniya, İsveçrə, İsveç, Hollandiya, Belçika, Böyük Britaniya, Lüksemburq və digər ölkələrdə fəaliyyət göstərən Azərbaycan və Türk diaspor təşkilatlarının birgə etiraz aksiyası keçirilib ki, bu tədbirdə QHT-lərimiz də mühüm rol oynayıb.
Düşmən tarixi torpaqlarımızı özününküləşdirmək üçün bütün dünyada təbliğat aparmağı bir milli ideologiyaya çevirib. Üzləşdiyimiz faciələrin beynəlxalq ictimaiyyətə çatdırılmasına nail olmasaq, dünyanı inandırmasaq, Azərbaycan üçün Qarabağ münaqişəsində qalib statusunu qazanmaq elə də asan olmayacaq. Odur ki, təbliğat istiqamətində əsas gücümüzü ölkə sərhədlərindən kənara yönəltməliyik.
Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün.

Elşad PAŞASOY

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER