QARABAĞ DANIŞIQLARININ DONDURULMASI KİMİN XEYRİNƏDİR?

KİVDF layihələri

Minsk Qrupu həmsədrləri də anlayırlar ki, münaqişənin həlli imkanları artıq tükənib və bu barədə daha açıq, daha sərt və diplomatiyanın imkan verdiyi qədər daha səmimi danışmağa başlayıblar.

Qarabağ danışıqlarında 2012 – ci ildə də irəliləyişə nail olmaq mümkün olmadı. Yaranmış status-kvonun ilin sonunadək ciddi şəkildə dəyişəcəyini gözləmək sadəlövhlük olardı. Ən ciddi problem isə ondan ibarətdir ki, 2013-cü ildə Ermənistanda və Azərbaycanda prezident seçkiləri ilidir. Seçki ilində tərəflərin status-kvonu dəyişə biləcək addımlar atacağı ağlabatan deyil.

 

Göründüyü kimi, yaxın illər ərzində Qarabağ danışıqlarında hansısa uğura imza atılacağı ehtimal olunan məsələlər sırasında deyil. Görünür, bu mərhələdə münaqişənin dondurulması daha real görünür. Yaxın illər ərzində Qarabağ danışıqlarının “ölü nöqtə”dən çıxmayacağı göz önündədir. ATƏT-in Minsk Qrupu həmsədrləri də anlayırlar ki, münaqişənin həlli imkanları artıq tükənib və bu barədə daha açıq, daha sərt və diplomatiyanın imkan verdiyi qədər daha səmimi danışmağa başlayıblar. 
Əlbəttə ki, həmsədrlərin pessimist bəyanatları yalnız ümidsüzlüyün doğurduğu hisslər deyil. Burada onların təmsil etdikləri ölkələrin maraq və mənafeləri durur. Həmsədr ölkələrin bölgədəki maraqları isə onu deməyə əsas verir ki, onların heç də hamısı Qarabağ probleminin tezliklə çözülməsində maraqlı deyil. 
Məsələn, hazırda Rusiya işğal altında olan Dağlıq Qarabağa və Ermənistana nəzarəti tam həyata keçirir və belə status-kvo Moskvaya sərf edir. İstənilən anda Ermənistan və Dağlıq Qarabağ separatçıları Kremlin diktəsi ilə hərəkətə gətirilə bilər. Qarabağ münaqişəsinin mövcudluğu Rusiyanın Cənubi Qafqazda mövcudluğu deməkdir. 
Fransa həmişə olduğu kimi, yenə də ənənəvi ermənipərəst mövqeyini nümayiş etdirir və bu münasibətin yaxın zamanlarda dəyişə biləcəyi inandırıcı deyil. 
ABŞ problemi qısa bir zamanda çözmək və nəzərdə tutduğu enerji layihələrini həyata keçirmək istəyir. Bu baxımdan ABŞ Azərbaycanı istənilən alçaldıcı sülhə vadar etməkdən çəkinməyəcək. Vaşinqton üçün bu problemin həlli vacibdir, kimin haqlı, kimin haqsız olması onun üçün maraqlı deyil.
Göründüyü kimi, vasitəçilərin mövqeyi ilə Azərbaycanın mövqeyi üst-üstə düşmür. Belə olan halda daha bir variant üzərində “baş sındırmağa” dəyər. Rəsmi Bakı Xankəndi ilə və yaxud vasitəçilər olmadan İrəvanla danışıqlar prosesinə qoşula bilərmi və bu nə dərəcədə effektli ola bilər?
İlk növbədə vasitəçilər olmadan aparıla biləcək Bakı və İrəvan danışıqlarına diqqət yetirək. Bəllidir ki, uğursuzluğu başqalarının çiyninə yükləmək cavabdehlikdən daha asandır. İndi diplomatiyanın üzləşdiyi hər bir uğursuzluğu Minsk Qrupunun üzərinə yıxmaq mümkündür. Tərəflər birbaşa danışıqlara üstünlük versələr, o zaman yeni “qurbanlıq keçi” tapmaq lazım olacaq və yenidən ermənilər azərbaycanlıları, azərbaycanlılar isə erməniləri ittiham edəcək; hər kəs savaşdan danışacaq, amma kimsə bu barədə fikirləşə belə bilməyəcək. Ən azı ona görə ki, müharibə yeni problemlər deməkdir. Yeni problemlər isə təhlükə mənbəyidir.
Belə bir təhlükəni isə tərəflər göz önünə ala bilməz.

***

Daha bir vacib detala da diqqət yetirək. “Yeni Qarabağ savaşı”nda yuxarıda da qeyd etdiyimiz kimi, Moskva maraqlı deyil, deməli, nə Bakı, nə də İrəvan “cızıqdan” kənara çıxa bilməz. Bu gün Rusiyaya münaqişənin dondurulması gərəkdir, deməli, münaqişə dondurulmuş vəziyyətdə qalacaq. Buna nə Bakı, nə də İrəvan etiraz edə bilməz. Bu barədə bir qədər sonra.
Digər variant Bakı və Xankəndi arasında mümkün dialoq perspektividir. Qarabağın erməni icması ilə danışıqlar iki istiqamətdə aparıla bilər – xalq diplomatiyası və Azərbaycan hakimiyyəti nümayəndələrinin öz vətəndaşları olan erməni sakinlərlə danışıqlara başlaması yolu ilə.
Lakin bu gün ermənilərin xəstə psixikası, yalançı millətçiliyi bu ölkənin gələcəyini məhv etdiyi kimi, sülhə yaxınlaşmağa da imkan vermir. Ermənilərin millətçi şüarlarla silahlanması Bakının şanslarını artırır. İndiki mərhələdə heç kimə lazım olmayan millətçı çıxışlara son qoymağın və dünyanın gözündə daha konstruktiv görünməyin vaxtı çatıb. Bakı ən azı bu mövqedə uğur əldə edə bilər.

***

Bu gün Azərbaycanın verəcəyi qərarlardan bölgənin gələcək taleyi asılı ola bilər. Bizim istəyimiz ən müxtəlif ölçüdə ola bilər. Amma gerçəklik budur ki, münaqişələr o zaman çözülməyə başlayır ki, ya bir tərəf güc ortaya qoymaq və “qalibləri mühakimə etmirlər” devizi ilə hərəkət etmək iqtidarında olur, ya da hər iki tərəf əsaslı güzəştlərə hazır olur.
Burada yuxarıda da qeyd etdiyimiz kimi, daha bir sual üzərində düşünmək lazım gəlir – Azərbaycan münaqişəni hərbi yolla həll edə bilərmi? Bakının silaha əl ataraq, işğal olunmuş ərazilərdən bir qismini azad etməsi mümkün görünür. Lakin bu məsələ göründüyü qədər də sadə deyil. Məhz ermənilər Bakını belə addım atmağa sövq edir. Azərbaycanın silaha əl atması İrəvanın maraqlarına cavab verir. Ermənistan uzun müddətdir ki, münaqişənin etnik zəmində baş verdiyini bəyan edir. “Millətlərin özünü təyin etmə hüququna” Bakının etnik təmizləmə cavabı kimi. Erməni təbliğatı növbəti “zavallı erməni xalqının” “soyqırımı” barədə ağlaşma qurmaq üçün bu fürsətdən istifadə edə bilər. Dünyadakı reallıq çoxlarının Azərbaycana sərf etməyəcək mövqedən çıxış edəcəyini ehtimal etməyə əsas verir.
Lakin bu münaqişəni Cənubi Qafqazda və Şərqi Avropada mövcud olan digər münaqişələrlə eyniləşdirmək olmaz. Ən azı ona görə ki, Dağlıq Qarabağ əhalisinin hamısı etnik ermənilərdən ibarət deyil, bu ərazidə yaşayan azərbaycanlıların hüquqları da nəzərdən qaçırıla bilməz.
Digər tərəfdən, işğal altında olan ərazilərin əhalisinin əksəriyyəti azərbaycanlılardır və məsələyə milli təyin etmə prizmasından heç cürə baxıla bilməz. Göründüyü kimi, beynəlxalq hüquq Azərbaycanın xeyrinədir. Hərbi əməliyyatların başlanmasını rəsmi Bakı sülhə vadar etmək kimi dəyərləndirə bilər. Azərbaycan öz vətəndaşlarının yaşamaq hüququnu təmin edə bilməkdən ötrü belə aksiyalar həyata keçirmək hüququnu özündə saxlayır. Sərhədləri daxilində konstitusiya hüququnu təmin etmək hər bir dövlətin başlıca hüququdur. Bu baş verərsə, İrəvan “status verin, əraziləri qaytaraq” şantajından məhrum edilir.
BMT-nin 4 qətnaməsinin olmasına baxmayaraq, vasitəçilər işğal olunmuş ərazilər və status məsələsinə eyni rakursdan baxırlar, bu isə münaqişənin həllini daha düyünə salır.
Digər tərəfdən, Azərbaycan istər əhali sayına görə, istərsə büdcəsinə görə, istər əsgər sayına görə Ermənistandan xeyli qabaqdadır. Hərbi silahlarına görə də Azərbaycan Ermənistandan xeyli irəlidə durur.
Əgər Azərbaycan irimiqyaslı – işğal olunmuş ərazilərin ən müxtəlif istiqamətlərindən hərbi əməliyyatlara başlasa, Ermənistan bu qədər ərazini qorumaq imkanında olmayacaq. Bu zaman isə Rusiya işə qarışmalı olacaq. Rusiya rəhbərliyi isə açıqca bəyan edib ki, Azərbaycan hərbi əməliyyatlara başlasa, Gürcüstanda olduğu kimi, Moskva bu dəfə də işğalçı qismində çıxış edə bilər. Əlbəttə, Qərbin bu hadisələrə mövqeyindən də çox şey asılı olacaq. Bu mövqenin isə Azərbaycanın mövqeyi ilə üst-üstə düşəcəyini təxmin etmək elə də asan deyil.
Bu nəticəyə gəlmək olar ki, hətta hərbi əməliyyatlar başlasa belə, söhbət daha çox hərbi əməliyyatların imitasiyasından gedə bilər, müharibə variantı inandırıcı görünmür.

***

Bütün sadalanan faktlardan belə bir nəticəyə gəlmək olar ki, yaxın iki il ərzində Qarabağ münaqişəsi ilə bağlı Bakı və İrəvan yenilənmiş Madrid prinsipləri üzərində danışıqları davam etdirəcəklər. Bu sənəd özündə nəyi ehtiva edir?
2007-ci il noyabrın 29-da Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Vardan Oskanyan İspaniyanın paytaxtı Madriddə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüblər. ATƏT üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçən görüşdə E.Məmmədyarov, V.Oskanyan, həmsədrlərdən başqa Rusiya və Fransanın xarici işlər nazirləri, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini də iştirak ediblər. Həmin görüşdə Minsk Qrupunun həmsədrləri Məmmədyarovla Oskanyana Qarabağ münaqişəsinin həllinin təməl prinsipləri üzrə kompromislər layihəsini təqdim ediblər. Görüşün ardınca ATƏT-in Minsk Qrupu bəyanatla çıxış edib. Bəyanatda deyilib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş danışıqların son üç ilində tərəflərin mövqeləri arasında ziddiyyətlər əhəmiyyətli dərəcədə azalıb və yalnız bir neçə məsələnin razılaşdırılması qalıb. Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza Madrid görüşündən dərhal sonra jurnalistlərə açıqlamasında Ermənistan və Azərbaycan prezidentlərinin yaxın bir neçə həftə ərzində təklif olunmuş layihə üzrə razılıq bildirəcəklərinə ümid etdiyini vurğulayıb: “Bu, yaxın bir neçə ay ərzində də ola bilər. Əsas məsələ bunu seçkilər (2008-ci ildə Ermənistan və Azərbaycanda keçirilmiş prezident seçkiləri nəzərdə tutulurdu-red.) başlayınca etməkdir. Hazırda sənədə baxılması və prosesin gələcək inkişaf yolunun müəyyən edilməsi prezidentlərdən asılıdır. Biz seçkilərə qədər təməl prinsipləri üzrə tərəflərin heç olmasa şifahi razılığını almağa ümid edirik. Mənə elə gəlir ki, bu mümkündür”.
Azərbaycan və Ermənistan hökumətlərinə təhlükəsizliyə və beynəlxalq sülhməramlıların yerləşdirilməsinə zəmanət verilməsi, Ermənistan və Dağlıq Qarabağ silahlı qüvvələrinin Dağlıq Qarabağ ətrafında işğal olunmuş bütün ərazilərdən çıxarılması, Kəlbəcər və Laçın üçün xüsusi şərtlər olmaqla, deportasiya olunmuş əhalinin qayıtması, Dağlıq Qarabağın yekun statusunun sonda səsvermə ilə müəyyənləşdirilməsi; buna qədər müvəqqəti statusun təyin edilməsi, bütün nəqliyyat və ticarət yollarının açılması, bütövlükdə sənəd üzrə konsensus alınmayanda razılaşdırılması mümkün olanı razılaşdırmaq və mübahisəli bəndləri dəqiqliklə göstərmək, 2008-ci ilin seçki kampaniyası dövründə siyasi xadimlərin sülhə və kompromislərin zəruriliyinə müsbət yanaşmasına şərait yaratmaq, Ermənistan və Azərbaycan hökumətlərinə, həmçinin Dağlıq Qarabağın de-fakto hakimiyyətinə, 1994-cü ilin atəşkəsinə hörmət etmək, güc tətbiqindən çəkinmək, hərbi büdcələrin artırılmasına, qarşılıqlı ittihamlara, həmçinin barışmaz və təhrikçi ritorikaya son qoymaq, qeyri-rəsmi diplomatiyaya və yuxarıda göstərilən prinsiplər daxil olmaqla kompromis qərarlar haqda diskussiyalara yardım etmək, ölkə parlamentlərini belə diskussiyaların açılmasına həvəsləndirmək və azərbaycanlılarla ermənilər arasında əlaqələri asanlaşdırmaq, Dağlıq Qarabağın de-fakto hakimiyyəti işğal olunmuş ərazilərin ermənilərlə məskunlaşdırılmasına, o cümlədən bu rayonlarda özəlləşdirmənin aparılmasına, infrastrukturun inkişaf etdirilməsinə və yerli strukturların yaradılmasına son qoyması, Azərbaycan Qarabağ azərbaycanlılarına öz icmalarının rəhbərini seçmək imkanı verməli, neft gəlirlərindən bütün vətəndaşların, o cümlədən deportasiya olunmuş şəxslərin yararlana bilməsi üçün şəffaflığın artırılmasına, korrupsiyanın azaldılmasına birgə səylər göstərməsi tövsiyə olunub. 
Madrid prinsiplərinin təqdim olunmasından uzun müddət keçməsinə baxmayaraq, həmsədrlər tərəflərin arasında mövcud olan ziddiyyətlər barədə anlaşıqlı fikir söyləməyiblər. Bakı və İrəvanın hansı məsələdə razılaşdığı, hansı məsələdə isə kompromisə gələ bilmədiyi geniş ictimaiyyətdən gizlədilir. Həmsədrlərin fəaliyyəti daha çox gözdən pərdə asmaq siyasətini xatırladır. Baxmayaraq ki, vasitəçilər “ortaq məxrəc”dən danışır, Bakı və İrəvanın davranışları onu deməyə əsas verir ki, münaqişə tərəfləri arasında hətta nəzəri baxımdan razılaşdırma əldə olunmayıb. Maraqlıdır ki, həmsədrlərin arasında da yekdil fikir yoxdur. Cənubi Qafqaz uğrunda mübarizə aparan ölkələrin maraqlarının toqquşması bu münaqişənin tənzimlənməsinə çətinlik yaradır. Həmsədrlər zamanı münaqişə tərəflərinin mövqeyi ilə manipulyasiya edərək, danışıqlar prosesində müsbət nəticəyə gəlməyə imkan vermirlər.

Azər RƏŞİDOĞLU

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER