Mahmudəli Çöhrəqanlı Bakıya gəlir yaxında..

Sonuncu dəfə 2005-ci ildə Bakıda olmuşam. Ondan sonra bir daha Azərbaycana gələ bilməmişəm. Əli Həsənov (PA-nın sabiq şöbə müdiri) və İran tərəfinin yaratdığı əngəllərə görə Azərbaycana gəlişim baş tutmayıb. 18 il aradan sonra yasaqlar aradan götürülür, tezliklə Bakıya gələcəyəm.

Bu sözləri Axar.az-a Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı deyib.

Dəfələrlə geri qaytarıldığını deyən Çöhrəqanlı bir daha eyni vəziyyətə düşmək istəmədiyini bildirib:

“2006-cı ildə təhqiramiz bir vəziyyətdə, 17 saat saxlanıldıqdan sonra deportasiya olundum. 2012-ci ildə oğlumla birgə Bakıya gəlməyə cəhd etdim, yenə də geri qaytarıldım. İllərdir qapılar üzümüzə bağlıdır. İndi isə yavaş-yavaş açılır. Yenidən eyni vəziyyətlə üzləşmək və bağlı qapılar arxasında qalmaq istəmirəm”.

O, proqnozlaşdırılan səfər tarixini açıqlayıb:

“Oğlum Alparslanla on gün ərzində Bakıda qalmaq fikrindəyik. Düşünürəm ki, səfərim bu ayın sonu reallaşa bilər. Müəyyən səbəblərdən alınmasa, gələn ayın, yəni mayın ilk günü Bakıda olmalıyam. Ümid edirəm ki, daha problem olmayacaq. Gəlişim O taylı-Bu taylı Azərbaycanın xeyirinə olacaq”.(axar.az)

WWW.BIRLIYIMIZ.WORDPRESS.COM

Azərbaycana xarici investisiya yatırımları artıb (VIDEO)

İran Azərbaycanında qız məktəblərində zəhərlənmə halları davam edir


Təbrizdə Fatimiyyə qız məktəbi
Təbrizdə Fatimiyyə qız məktəbi

İranın bir çox şəhəri ilə eyni vaxtda İran Azərbaycanının müxtəlif şəhərlərində qız məktəblərinə zəhərləyici qazla hücum olub.

Bu gün, martın 5-də İran Azərbaycanının şəhərlərində məktəblərdə qız şagirdlərin zəhərlənməsi ilə bağlı xəbərlər yayılıb. İran şəhərlərində qızların təhsil mərkəzlərinə zəhərli qazla hücumlar geniş vüsət alıb.

İran mediasında və sosial şəbəkələrdə yayılan xəbərlərə görə, bu gün Təbriz, Zəncan, Urmiyə, Xalxal, Germi, Meşginşəhr, Marağa, Əbhar və Xürrəmdərə şəhərlərində qız şagirdlər məktəblərdə zəhərlənib.

Təbrizin qız məktəblərində dünən və bu gün şagirdlərin zəhərlənməsi ilə bağlı xəbərlər dərc olunub.

Təbrizdə Həzrəti Məsumə qız məktəbi
Təbrizdə Həzrəti Məsumə qız məktəbi

Bu gün Şərqi Azərbaycanın təcili yardım şöbəsinin müdiri, doktor Cəfəri Ruhi 37 şagirddə zəhərlənmə əlamətlərinin müşahidə edildiyini və bunların təcili yardım maşınları ilə xəstəxanaya aparıldığnı bildirib.

Onun sözlərinə görə, martın 5-də səhər saat 10:30-a kimi 37 təbrizli qız zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

Urmiyənin 2-ci bölgəsinin Təhsil İdarəsinin rəhbəri həmin şəhərdə bir məslək məktəbininin 11 tələbəsi və bir əməkdaşının zəhərləndiyini bildirib.

Həmçinin Urmiyədə Universitet tələbələri olan qızların yataqxanasında 29 nəfərin zəhərlənərək xəstəxanaya yerləşdirildiyi bildirilir.

Ərdəbil vilayətinin şəhərlərindən olan Germi şəhərinin meri də bu şəhərin qız məktəblərində zəhərlənmə baş verdiyini bildirib. O deyib ki, 3 məktəbdə şagirdlər və məktəb işçiləri boğazda yanma və halsızlıq hissi ilə qarşılaşıblar. Bu rəsminin sözlərinə görə, şəhərdə 37 şagird və 3 müəllim zəhərlənib.

Zəncanda da qız məktəblərinə zəhərli qazla hücum olub. Zəncan valisinin siyasi və təhlükəsizlik işləri üzrə müavini Əbülfəzl Rəfii “İlkin araşdırmaya görə, Zəncan şəhərindəki qız liseylərindən birinin 28 şagirdi tənəffüs yollarından zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirildiyini” açıqlayıb.

Ərdəbildə 7 qız məktəbinin şagirdləri zəhərlənib

Sosial mediada bəzi xəbər kanalları Şərqi Azərbaycan vilayətinin Şəbistər və Əcəbşir şəhərlərində də zəhərlənmə xəbərləri verir, lakin İranın rəsmi xəbər saytları bununla bağlı hələ ki, məlumat dərc etməyib.

Bəziləri ölkədə qız məktəblərinə və təhsil mərkəzlərinə edilən bu geniş kimyəvi hücumu “minillikçilik” ideyalara inanan ekstremist qruplaşmalarla əlaqələndirirlər.

İran İslam Respublikası prezidenti İbrahim Rəisi cümə günü ölkədə yüzlərlə məktəbli qızın zəhərlənməsində “düşmənlərin” işi olduğunu kəşfiyyat və daxili işlər nazirinə bu məsələni araşdırmaq üçün tapşırıq etdiyini açıqlamışdı.

Lakin ölkə miqyasında əməliyyatlar apara bilən xarici qüvvənin məktəbli qızları zəhərləməkdə məqsədi aydın deyil.

Ərdəbil vilayətində daha 48 məktəb şagirdi zəhərlənib

Həmçinin İran parlamentarilərindən birinin dediyinə görə, məktəblərdə N2 qazı aşkarlanıb.

Məsih Deneşvari Xəstəxanasının Reanimasiya şöbəsinin mütəxəssisi Məhəmməd Rza Haşimiyan “Hammihan” qəzetinə müsahibəsində “tələbələri zəhərləmək üçün istifadə edilən qazların bir neçə qazın və kimyəvi maddəninbirləşməsindən düzəldilib və adi insanların onları əldə etməsi mümkün deyil -deyə, bildirib.

Hamid Məlikoğlu

WWW.BIRLIYIMIZ.WORDPRESS.COM

Urmiyə gölünə su nəqli tuneli layihəsinin istifadəyə verilməsi – ekspert baxışı


Urmiyə gölu
Urmiyə gölu

Fevralın 24-də İran prezidenti İbrahim Rəisi tərəfindən Kani Sib bəndindən Urmiya gölünə Zab çayının suyunun nəqli layihəsinin açılışı olub.

Dövlət xəbər agentliyi İRNA-nın məlumatına görə, layihə 36 kilometrlik tunel və 11 kilometrlik kanaldan ibarətdir və Urmiyə gölünə ildə 500-600 milyon kubmetr həcmində su vermək qabiliyyətinə malikdir.

İran hökumətinin rəsmi xəbər agentliyinin açıqladığı məlumata görə, bu layihə 35 min milyard riyala başa gəlib.

Layihə çərçivəsində Zab çayının Kanisib bəndinin su anbarından suyun 36 kilometrlik keçid tunelinə gətirilməsi, 11 km kanal boyu suyun Qadar çayına çatdırılması və 28 km boyu çayın suyunun Urmiyə gölünün su sahəsinə ötürülməsi nəzərdə tutulur.

Bu layihənin açılışı ilə eyni vaxtda Qərbi Azərbaycanın Bukan şəhərindəki Şəhid Kazemi bəndinin qapısı da açılıb ki, bu bəndin su anbarından Urmiyə gölünə 300 milyon kubmetr su ötürülməsi nəzərdə tutulur.

Urmiyə gölünü canlandırmaq üçün bu layihənin açılışı və fəaliyyət göstərməsi rəsmilərin texniki problem adlandırdıqları səbəblərdən dolayı dəfələrlə gecikdirilib. Bununla belə, 2015-ci ildə Həsən Ruhani hökuməti dövründə icra işlərinə başlandıqdan sonra bu layihənin birinci fazısı təxminən 7 ildən sonra prezident İbrahim Rəisinin sərəncamı ilə açılıb.

Zab çayından Urmiyə gölünə su nəqli layihəsi istifadəyə verilib
Zab çayından Urmiyə gölünə su nəqli layihəsi istifadəyə verilib

Hazırda Urmiyə gölünün yatağındakı suyun miqdarı bir milyard kubmetrdən azdır və mütəxəssislərin fikrincə, göldə suyun ekoloji baxımdan lazımi səviyyəyə çatdırılması üçün oraya 18 milyard kubmetr su daxil olmalıdır.

Bu səbəbdən bəzi ekspertlər hesab edir ki, təkcə bu layihənin istiadəyə verilməsi ilə uzunmüddətli perspektivdə Urmiyə gölünün dirçələcəyi ümidverici görünmür. Amma onların fikrincə, bu layihə İranın Azərbaycan regionunda ekoloji vəziyyətin pisləşməsinin qarşısının alınmasında effektiv rol oynaya bilər.

İstanbuldakı Cərrah Paşa Universitetindən Geologiya və Ətraf Mühit üzrə doktor İslam Mustəfəvi Amerikanın Səsi ilə söhbətində deyib ki, bu layihə “təkbaşına Urmiyə gölünü ekoloji səviyyəsinə çatdıra bilməz, bunun üçün isə 18 milyard kubmetr suya ehtiyac duyulur”. Güneyli ekspert hesab edir ki, Zab çayından suyun nəqli layihəsinin istifadəyə verilməsi Ərdəbil və Zəncana qədər bölgəni təsirinə məruz qoymuş duz fırtınalarının qarşısının alınmasında böyük rol oynaya bilər.

Urmiyə gölünün qurumasında İslam Respublikasının siyasətlərinin təsiri

Dr. İslam Müstəfəvi
Dr. İslam Müstəfəvi

Ətraf mühit üzrə ekspert İslam Mustəfəvinin fikrincə, gölün qurumasının yalnız 20%-i qlobal istiləşmənin yaratdığı ekoloji amillərlə bağlıdır və bu məsələdə İran İslam Respublikasının ümumi siyasətləri böyük rol oynayır.

“1979-cu il inqilabının əvvəlindən dayanıqlıq siyasətinə əsaslanan İran İslam Respublikasının ümumi siyasətini özündə ehtiva edən “Nə Qərb, nə Şərq” şüarı kənd təsərrüfatı məhsullarında da xaricdən asılı olmamaq yanaşmasını əhatə edib” – deyə, ekspert bildirib.

Mustəfəvinin sözlərinə görə, İran İslam Respublikası kənd təsərrüfatında bu ideologiyaya dayanaraq, daxili ehtiyaclarını təmin etmək məqsədilə otlaqların belə əkin ərazilərinə çevrilməsinə və qeyri-mütənasib əkin sahələrinin artması ilə yaranan ekoloji təsirlərini nəzərə almadan kənd təsərrüfatı torpaqlarının artmasına göz yumub.

İran Azərbaycanından olan ekspert gölün ən çox quruması prosesinin Mahmud Əhmədinejadın prezidentliyi dövründə baş verdiyini deyib. O həmin dövrdə gölün qurumasının sürətlənməsində “suvarılan əkinçilik sahəsinin üç qata çıxması” və “lisenziyasız quyuların həddindən artıq artması”nı ən önəmli amillərdən biri olduğunu qeyd edib.

İslami Mustəfəvi həmçinin İslam Respublikasının bölgədəki siyasətlərinin gölün qurumasına, yeraltı su ehtiyatlarından həddən artıq istifadə edilməsinə, əkinçilik məqsədləri üçün qazılan quyulara necə təsir etdiyini izah edərək deyib: “Gölün ətrafındakı yeraltı şirin suyun səviyyəsinin azalması ilə gölün dibindən su ilə bəslənməsi mümkünsüz hala gəldi.”

Urmiyə gölünü ikiyə bölən Urmiyə və Təbriz şəhərləri arasında salınmış körpü
Urmiyə gölünü ikiyə bölən Urmiyə və Təbriz şəhərləri arasında salınmış körpü

O həmçinin Urmiyə gölü üzərində Təbriz və Urmiyə şəhərləri arasında salınan körpünün tikilməsini və beləliklə qapalı ekosistemdə qeyri-elmi manipulyasiyaların həyata keçirlməsini buxarlanma və transpirasiya səviyyəsinin artmasına səbəb olduğunu və Urmiyə gölünün qurumasına olduqca böyük təsir buraxdığını qeyd edib.

Ekspertin Amerikanın Səsinə verdiyi məlumata görə, İran İslam İnqilabı zamanında 38 milyard kubmetr suyu olan Urmiyə gölündə suyun həcmi Haşimi Rəfsəncaninin prezidentliyinin son ilində 26.5 milyard kubmetr, Məhəmməd Xatəminin prezidentliyinin son ilində 8.550, Mahmud Əhmədinejadın prezidentliyinin son ilində isə 860 milyon kubmetr olub.

Prezident Həsən Ruhaninin dönəmində Urmyə Gölü Canlandırma Mərkəzi fəaliyyət göstərib və onun hakimiyyətinin son ilində gölün suyunun həcmi 5.6 milyar kubmetrə qədər artıb. Eyni zamanda, yağışların artdığı bir dövrdə gölün suyunun həcminin artması müşahidə edilib.

Ekspertlər hesab edir ki, Urmiyə gölünün ətrafındakı ərazidə əkin məhsullarının dəyişdirilməsi, yeraltı sulardan istifadəyə nəzarət edilməsi və diqqətin daha az su tələb edən kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə yönəldilməsi gölün xilasının əsas və təsirli yollarındandır.

Hamid Məlikoğlu

WWW.BIRLIYIMIZ.WORDPRESS.COM

Güneyli siyasi məhbus Abbas Lisani azad edilib


Abbas Lisani
Abbas Lisani

 Print

Tanınmış azərbaycanlı fəal Abbas Lisani fevralın 21-də Ərdəbil həbsxanasından azad edilib və İranın mərkəzindəki Yəzd şəhərinə sürgünə göndərilmək üçün polis təcridxanasına köçürülüb.

“Abbas Lisani” adlı Telegram kanalı və insan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin məlumatına görə, Lisani Ərdəbil həbsxanasında təxminən 4 il 2 ay həbsdə qaldıqdan sonra polis nəzarəti altında Ərdəbil həbsxanasından Yəzd şəhərinə sürgün cəzasını çəkmək üzərə Ərdəbildə polis təcridxanasına köçürülüb.

Tanınmış türk fəal 8 illik cəzasının yarıdan çoxunu çəkdikdən sonra azadlığa buraxılıb.

Abbas Lasani həbsxanadan polis nəzarətinə götürülür
Abbas Lasani həbsxanadan polis nəzarətinə götürülür

Azərbaycanlı siyasi məhbusun vaxtından əvvəl azadlığa buraxılmasının səbəbinin İran ədliyyə orqanlarının bildirdiyi kimi “ümumi amnistiya sərəncamı” ilə əlaqədar olduğu güman edilir. Son günlər və həftələr ərzində daha bir neçə azərbaycanlı siyasi məhbus və son etirazlar zamanı həbs olunan vətəndaşlar həbsdən azad edilib.

Siyasi məhbuslar üçün əlavə sürgün cəzasına İran məhkəmə sisteminin ümumi amnistiyası daxil deyil. Buna əsasən, azadlığa çıxan digər siyasi məhbus Əlirza Fərşinin də sürgün cəzasının həyata keçiriləcəyi bildirilir.

2019-cu ilin yanvar ayından bəri Ərdəbil həbsxanasında saxlanılan Lisani həmin ilin iyul ayında Ərdəbil İnqilab Məhkəməsində 8 il həbs və İranın Yəzd şəhərinə 2 il sürgün cəzasına məhkum edilmişdi.

Hamid Məlikoğlu

WWW.BIRLIYIMIZ.WORDPRESS.COM

İran Azərbaycanda milli fəallar azadlığa çıxan siyasi məhbuslarla görüşüb


Azərbaycanlı fəallar sərbəst buraxılan siyasi məhbus Əkbər Nəimi ilə görüşüb
Azərbaycanlı fəallar sərbəst buraxılan siyasi məhbus Əkbər Nəimi ilə görüşüb

İran Azərbaycanında türk fəallar son həftələrdə azad olunan siyasi məhbusları müxtəlif şəhərlərdə ziyarət ediblər.

Milli fəalların sosial mediada paylaşdıqları məlumata görə, İran Azərbaycanının müxtəlif şəhərlərindən azərbaycanlı fəallar son həftələrdə azad edilən Əlirza Fərşi, Əkbər Nəimi, Tovhid Əmir Əmini, Əkbər Əbulzadə və Ruzbeh Pirinin görüşünə gedib.

Ərdəbildə Azərbaycan Milli Hərəkatının fəallarından ibarət bir qrup fevral ayının 10-da Evin həbsxanasından azad edilmiş türk dil haqları fəalı Tovhid Əmir Əmini ilə görüşüb. Tovhid Əmir Əmini 4 il həbsdən sonra bu yaxınlarda elan edilən ümumi əfv sərəncamına əsasən vaxtından əvvəl sərbəst buraxılıb.

Fevral ayının 11-də Zəncanda bir qrup Azərbaycan Milli Hərəkatının fəalı Təbriz Mərkəzi Həbsxanasından bir müddət əvvəl azad edilmiş siyasi məhbus Əkbər Əbulzadə ilə görüşüb.

Həmçinin Tehranda yaşayan bir qrup azərbaycanlı milli fəal Evin həbsxanasından bir müddət əvvəl azad edilmiş siyasi məhbus Əkbər Nəimini ziyarət edib.

Xoyda türk fəallar siyasi məhbus Əkbər Nəiminin atası evində onunla və bu yaxınlarda Evin həbsxanasından azadlığa çıxan Əlirza Fərşi ilə görüşüblər. Habelə İran Azərbaycanının Mərənd şəhərindən olan bir qrup milli fəal Evin həbsxanasından bir müddət əvvəl azad edilmiş azərbaycanlı siyasi məhbus Əlirza Fərşini ziyarət edib, İran Azərbaycanında baş verən son hadisələrlə ətrafında müzakirələr aparıblar.

Urmiyəli bir qrup milli fəal isə bir il həbsindən sonra bu yaxınlarda Təbriz həbsxanasından sərbəst buraxılan siyasi məhbus Ruzbeh Pirini ziyarət ediblər.

İran məhkəmə sisteminin fevral ayının 5-də elan etdiyi ümumi əfv sərəncamı nəticəsində bir sıra siyasi məhbuslar vaxtından əvvəl sərbəst buraxılıb. Bununla belə, bir çox siyasi məhbus, o cümlədən Abbas Lisani hələ həbsdə qalır.

Həmid Məlikoğlu

WWW.BIRLIYIMIZ.WORDPRESS.COM

Dünyanın ən gözəl dili Azərbaycan dilidir

Bilirsiniz niyə belə düşünürəm? Çünki o mənim dilimdir və mən bu dili çox sevirəm. Çünki anam mənə bu dildə layla deyib, mənə bu dildə danışmağı öyrədib. Böyüdükcə bu dildə kitablar oxumuşam, bu kitablarla dünyanı gəzib dolanmışam. Həyatda nə qazanmışamsa, bu dilin köməyi ilə qazanmışam.

Bəli, dünyanın ən gözəl dili mənim dilimdir. Çünki mən bu dildə danışıram.
Amma son illər dilimizin başı bəlalardan ayılmır.

Orfoqrafiya və Orfoepiya lüğətlərinin başına min oyun gətirilir. Susuruq. Televiziya kanallarında başabəla aparıcılar və əldəqayırma jurnalistlər sözləri istədikləri kimi çeynəyib tökürlər. Dinmirik. Ziyalılarımız danışanda Türkiyə türkcəsini rus dilinə, rus dilini ingilis dilinə qatırlar, üstünə bir az öz sözlərimizdən səpib sırıyırlar bizə ki, baxın, biz ziyalıyıq, qara camaatdan fərqli danışırıq. Deyirik, əşi, mənə nə! Beləcə, dil ölür, yavaş-yavaş çıxır aradan.

Hərdən fikirləşirəm, görəsən, çox uzaq vaxtı demirəm, 50-60 il bundan əvvəl dünyadan köçmüş insanlar ilə görüşüb danışa bilsəydik, onlar bizi başa düşərdilərmi? Yəqin ki, yox. Düzdür, ETİ və İKT ilə əlaqədar dilimizdə çoxlu neoligizmlər yaranıb. Bunlardan qaçmaq olmaz. Ancaq dilimizdə oturuşmuş sözlər var axı. Niyə onların əvəzinə yabançı sözləri işlətməliyik?

“Vapşe, uje, opşim” kimi təhrif edilmiş varvarizmlər artıq qulaqlarımızı qabar edib. Hətta bir növ öyrəşmişik də bunlara. Son otuz ildə də Türkiyə türkcəsindən gələn sözlər dilimizi bir növ “işğal edib”.

Bilirəm, çoxları deyəcək ki, əşi, nə danışırsan, biz qardaş xalqıq, dilimiz eynidir, hətta ortaq türk dili barədə nağıllar danışacaqlar. Ancaq bu sözləri deyənlərin heç birinin anası onunla danışarkən “ekmek”, “şimdi”, “geliyoruz” və sairə kimi sırf Türkiyə türkcəsinin sözlərini işlətməyib, öz anasının ona öyrətdiyi dildə danışıb balası ilə.

Fikir verin, şəkilçilərin yerini süni surətdə dəyişdirirlər. Bizim dilimiz iltisaqi dillər qrupuna daxildir. Bu qrup dillərin xüsusiyyətlərindən biri də isimlərə və feillərə şəkilçilərin müəyyən ardıcıllıqla artırılmasıdır. Əgər bu şəkilçilərin yeri dəyişilərsə, bu, iltisaqiliyin pozulması hesab olunur. Amma “gəlirmişlər” olub “gəlirlərmiş”. Kaş, gərək, barı və təki arzu ədatlarıdır. Bu ədatların işləndiyi cümlələrin xəbəri də feilin arzu şəklində olmalıdır. Məsələn: “Kaş gedə idim (gedəydim). Amma olub “Kaş gedərdim”. Xəbər qeyri-qəti gələcək zamana keçib. Dilimizə neologizm kimi “sayğı” sözü gəlib. Çox gözəl. Sırf türk sözüdür. İşlədək. Amma “hüzur”, “hoca” kimi sözlər isə ərəb və fars dillərindən gəlmədir. İndi türkiyəli qardaşlarımız bu sözləri işlədirlər deyə biz də işlətməyə məcburuqmu? Axı bunların qarşılığı öz dilimizdə var. Deyəcəklər, “müəllim” də ərəb sözüdür. Düzdür. Amma bu söz min ildən artıqdır ki, dilimizdə işlənir, yəni vətəndaşlıq hüququ qazanıb. “Hoca”nı isə biz yalnız dastanlarımızdan xatırlayırıq. Orada da “tacir” mənasında işlənib. Məsələn, “Koroğlu” dastanlarında Xoca Əziz. “Acımasız”, “laf etmək”, “görəv”, “nə mutlu”, yaxud “mutlu oldum”, “məlumat içərən”, “kəsinliklə” kimi sözlər dilimizdə yoxdur. Bunları işlətmək hansı məcburiyyətdən irəli gəlir? “Mübarizə” və “mücadilə” sözləri sinonim sözlərdir. Hər ikisi də ərəb dilindədir. Amma biz yüzillərdir, “mübarizə” sözünü işlətmişik. İndi birdən-birə bu “mücadilə” haradan çıxdı?! Hə, xatırladım, bunu da türkiyəli qardaşlarımız işlədir, ondandır.

Bu sözləri şəxsiyyətinə hörmət etdiyim məşhur bir siyasətçimizin sosial şəbəkələrdə paylaşdığı yazılarından götürmüşəm. Təkcə bir nəfərin. İndi görün məşhur olmayanlar bu sözləri nə qədər və nə vəziyyətdə işlədirlər. Dəhşətdir!
Hərdən fikirləşirəm, yazıq Mirzə Cəlil! Ana dilimizdən ötrü nə qədər mübarizə apardın və nə qədər təhqir və təzyiqlərə məruz qaldın. Amma indi biz dilimizin təmizliyi uğrunda mübarizə aparsaq, heç kim bizə nə təzyiq etməz, nə də bizi təhqir etməz. Bəs niyə susuruq? Çünki dilimizin gələcəyi barədə məsuliyyət hissimiz yoxdur, ölüb o hisslər. Varsa da, çox az adamda qalıb.

P.S. Bilirəm, Türkiyə türkcəsindən gəlmə sözlərə münasibətimə görə məni qınayan da olacaq, hələ bir təhqir də edən. Çünki indiyə qədər çox görmüşəm. Olsun! Mirzə Cəlildən artıq deyiləm ki…

WWW.BİRLİYİMİZ.WORDPRESS.COM

Xoyda azərbaycanlı: ‘Bir nəfər 3-4 çadır gətirdi, 7 ailə girdik bir çadıra’

Xoyda azərbaycanlı: 'Bir nəfər 3-4 çadır gətirdi, 7 ailə girdik bir çadıra'

“Zəlzələdən yuvamız dağılıb, bu havada çadırda qalırıq, nə kömək edirlər, nə də yardım istəməyimizə icazə verirlər. Zəlzələdən ölməyən ya soyuq havadan öləcək, ya da etirazlara görə öldürüləcək”, – bu sözləri AzadlıqRadiosuna İranın Xoy şəhəri sakini, əslən azərbaycanlı qadın deyib.

Yanvarın 28-də İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində 5.9 bal gücündə zəlzələ baş verib. Daha öncə isə yanvarın 18-də zəlzələ olmuşdu.

Əyalətin Mənzil Fondunun başçısı Cəfər Bərzgərin məlumatına görə, təbiət hadisəsi zamanı 13 min 200 ev zədələnib. Həmin evlərin birində yaşamış 40-yaşlı qadın danışır ki, çıxılmaz vəziyyətləri gün keçdikcə pisləşməkdədir. Onun sözlərinə görə, hökumət 18 yanvar zəlzələsindən sonra əhalini köçürməliydi, amma bunu etməyib.

“Bəzi qonşular, qohumlar könüllü getdi başqa ərazilərə, mənim gedəcək yerim yox idi, qaldım. Həmin vaxt evim bir az zərər görmüşdü. 28-də isə saniyələr içində həm evim dağıldı, həm həyatım. Ana-bacı, tanımadığım qız-gəlin, qardaş ilə qalmışıq çöldə. O gün bir nəfər 3-4 çadır gətirdi, 7 ailə girdik bir çadıra, istilik yox, xəstəlik bir yandan yayılır. Şəkər xəstəsiyəm, dərmanım yoxdur. Yemək yardımı edənlər var idi, o gün eşitdik ki, onlara da icazə vermirlər. Hər 10 nəfərdən 9-nun evi tanınmaz durumda, adamlar özü də xəstəac. Bizi zəlzələ öldürmədi, amma bu rejim öldürəcək”, – deyən qadın həyat yoldaşı və qızının həbsdə olduğunu sözlərinə əlavə edir. “Biri öz günahı ilə getdi, qızım isə etiraz aksiyalarında saxlanıldı…”.

İranda ötən ilin sentyabrında başlamış kütləvi etirazlarda 500-dən çox nümayişçinin öldürüldüyü, minlərlə adamın həbsə atıldığı bildirilir.

Digər Xoy sakini, zəlzələdən sonra 8-yaşlı qızı və həyat yoldaşı ilə tək qalan ata da zəlzələdən sonra həyatlarının daha da çətinləşdiyini, dövlətin isə onlara biganə yanaşdığını bildirir: “Onsuz soyuqdur, “plitka”, “peç” tapa bilmirik. Tapdığımız isidicilər də öldürür. Eşitdiyimə görə, yüzdən çox adama qaz iyi pis təsir edib. Elə biri də arvadım idi, az qala boğulurdu. Ətrafda bir təcili yardım tapa bilmədik ki, kömək etsin. Qonşuluqda baytar var idi, ilk yardımı o etdi, indi yaxşıdır”.

Agentliklər Xoyda yanvarın 29-dan bəri zəlzələdə zərər çəkənlərin çadırlarında təqribən 140 nəfərin qazdan zəhərləndiyini, azı iki nəfərin öldüyünü bildirib.

Ata 8-yaşlı qızına verməyə yemək tapmadığını, dövlətin də köməyə gəlmədiyini vurğulayır: “Bakıdan yardım gələcəkdi, qoymadılar. Bizə bir məmur da kömək etmir. Keçmiş məhbuslar pul göndərir, idmançılar yardım etməyə çalışır, dövlət isə susub. Sadəcə susub. Acından, soyuqdan ölək, sevinsinlər. Soyqırımını sevirlər…”.

Gözdən qaçırmayın: AMERICAS Korporativ səpələnmə

AzadlıqRadiosunun müsahibi danışır ki, əvvəlcə yardım vəd olunsa da, sonra səslərinə hay verən tapılmayıb. O, İran hakimiyyətinin zəlzələ qurbanlarını aldatdığını bildirir: “Bir ara siyahıyaalma aparıldı, sevindik ki, yardım ediləcək. Hakimiyyət isə bizi aldatdı, kömək etmədi. Hər yerə zəng edirik. Zənglərimizə cavab verən də yoxdur. Çox ağır vəziyyətdə yaşayırıq. Yaralılarımız var, baxan yoxdur. Ehtiyac olan şeyləri paylamağa qoymurlar”.

Müsahibimiz soyuq hava şəraitinin digər tərəfdən onların durumunu daha ağırlaşdırdığını söyləyir: “Soyuqdur, qrip baş alıb gedir. Dərman gətirən yoxdur. Heç olmaya, ölənlər üçün kəfən gətirərlər… Hakimiyyət vaqon sığınacağı versə idi, kaş. Həftəsonu havanın daha çox soyuyacağı gözlənilir”.

O, video çəkib yaymaqla dünyaya səslərini çatdıra bilmədiklərindən gileylənir. “Çünki yaxın dostumuz “yalan yaydı” adı ilə cəzalandırıldı. Şallaq yeyəcək..”, – deyən Xoy sakini hazırda da titrəyişlərin hiss olunduğunu, daha bir zəlzələ qorxusunun onların canına vəlvələ saldığını söyləyir.

İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində yanvarın 28-də baş verən zəlzələ nəticəsində 3 nəfər ölüb, mindən çox insan xəsarət alıb. Təbii fəlakətin baş verməsindən xeyli vaxt keçməsinə baxmayaraq, İran hökumətinin zəlzələ qurbanlarına heç bir yardım göstərmədiyi bildirilir. Bunu sosial şəbəkələrdə yayılan görüntülərdən görmək olur.

Bölgədə elektrikin kəsilməsi və qar yağması axtarış-xilasetmə işinə mənfi təsir göstərib. Evsiz qalan ailələrə müvəqqəti sığınacaq, istilik cihazları verilmədiyi deyilir.

WWW.BIRLIYIMIZ.WORDPRESS.COM” “
Xoyda azərbaycanlı: ‘Bir nəfər 3-4 çadır gətirdi, 7 ailə girdik bir çadıra’
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

WWW.BIRLIYIMIZ.WORDPRESS.COM

Güney Azərbaycan “İrana” diz çökdürür: Təbrizdə inqilabın mərkəzinə çevrilməyə doğru addımlayır…(VIDEO)

BİRLİYİMİZ.WORDPRESS.COM

AZƏRBAYCANDA İRAN SƏFİRLİYİNİN QARANLIQ ƏMƏLLƏRİ (VİDEO)

BİRLİYİMİZ.WORDPRESS.COM

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR


  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜN AZ TV (CANLI YAYIN)
    >
    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    KURTLAR VADISI PUSU BÖLÜMLER